Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar şənliyin keçirildiyi əyləncə məkanına onlar üçün ayrılmış avtobuslarla gətirildilər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaq evlərinin, internat məktəblərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.