“Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş nəşrlərin təqdimatı olub
02.07.2007İyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, habelə Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərlərinin təqdimat mərasimi keçirilmişdir.
“Muğam” jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMDF) prezidenti Mehriban xanım Əliyevadır. AMDF nəzdindəki “Muğam mərkəzi”ndə tərtib edilmiş və “Şərq-Qərb” mətbəəsində Azərbaycan, ingilis və rus dillərində çap olunmuş jurnalın birinci nömrəsinin oxuculara ünvanlanmış ön sözdə Mehriban xanım Əliyeva nəşrin konsepsiyası haqqında məlumat verir.
Oxucular Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun muğamla bağlı keçirdiyi müxtəlif tədbirlərdən, YUNESKO-nun Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasimindən, ümummilli liderimiz Heydər Əliyevin görkəmli musiqiçilərlə görüşündə çəkilmiş fotoşəkillərin də verildiyi jurnalda Cəmilə Həsənovanın görkəmli bəstəkar Fikrət Əmirovun simfonik muğamları haqqında məqaləsi, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə, qədim xalq çalğı alətləri ansamblının bədii rəhbəri Məcnun Kərimovla müsahibələrlə, xalq artisti Alim Qasımov, zəmanəmizin görkəmli violonçel ustalarından biri Yo-Yo-Ma haqqında məqalələrlə tanış ola biləcəklər. Bundan əlavə, klassik muğamların məzmunu və strukturuna da ayrıca məqalənin yer aldığı jurnalın “Tarixin səhifələri” bölməsində müxtəlif illərə təsadüf edən və muğamla bağlı olan hadisələr haqqında xülasə verilir, “Qədim dövrlərdən xəbər verən musiqi” məqaləsində Şərq vokal məktəbindən bəhs olunur. Jurnalda milli musiqi alətlərimiz tar və qaval, xalq şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından parçalar da verilmişdir.
Səfiyəddin Urməvinin “Kitabül-ədvar” və “Şərəfiyyə risaləsi”, Fətullah Şirvaninin “Musiqi məcəlləsi” kitabları haqqında da qısa xülasələrin verildiyi jurnalın ilk nömrəsinin son səhifələrində “Biz muğam haqqında nə bilirik və onun gələcəyi varmı?” sorğusuna müxtəlif peşə sahiblərinin cavabları da dərc olunmuşdur.
Nəşrin baş redaktoru Mehriban xanım Əliyeva mərasimdə çıxış etmişdir.
Sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü ZEMFİRA SƏFƏROVA yeni jurnalı və nəşrləri Azərbaycan ictimaiyyəti üçün önəmli və əlamətdar hadisə kimi səciyyələndirmişdir. O demişdir ki, xalqımızın musiqi irsinin ən qiymətli incisi olan muğama həsr edilmiş və orta əsrlərdə yazılmış üç risalənin və “Muğam” jurnalının təqdimatı musiqiçilər üçün böyük töhfədir. Bir xalqın musiqi mədəniyyətindən, musiqi irsindən yalnız o vaxt danışmaq olar ki, o xalq öz dəyərlərini qiymətləndirə və yaşada bilsin. Bu baxımdan qloballaşma dövründə musiqi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması çox vacibdir.
Z.Səfərova vurğulamışdır ki, Azərbaycan muğamı hazırda özünün dirçəliş dövrünü yaşayır. Böyük muğam layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində bu gün təqdim olunan üç risalə orta əsr musiqi mədəniyyətimizin güzgüsüdür. Sənətşünas risalələr haqqında ətraflı məlumat vermiş, onların nəşri sahəsində böyük xidməti olan Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.
Muğam ifaçısı, xalq artisti ALİM QASIMOV jurnalın nəşri münasibətilə musiqisevərləri təbrik etmiş, muğamın Azərbaycanda, habelə dünyada təbliği baxımından nəşrin əhəmiyyətini vurğulamışdır. Başda Mehriban xanım olmaqla, jurnalın ərsəyə gəlməsində zəhməti olan hər kəsə muğamsevərlər adından təşəkkür edən xanəndə qısa muğam parçası ifa etmişdir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti SİYAVUŞ KƏRİMİ demişdir ki, jurnalın və kitabların nəşri milli musiqimizin təbliğində, o cümlədən gənclərə dəqiq çatdırılmasında çox mühüm təşəbbüsdür. Mehriban xanımın muğamın tədqiqinin muğam ifaçılığından çox-çox geridə qalması fikrini xatırladan S.Kərimi Azərbaycan musiqişünaslarının xarici ölkələrin arxiv və muzeylərində saxlanılan əsərlərinin tapılıb öyrənilməsinin vacibliyini vurğulamışdır.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru MƏMMƏD ADİLOV “Muğam-antologiya” layihəsi çərçivəsində buraxılmış əsərlərin Azərbaycan musiqi elminin tədqiqinə böyük töhfə verdiyini bildirmişdir.
Jurnalın ərsəyə gəlməsindən çox sevindiyini söyləyən xalq artisti, professor ARİF BABAYEV demişdir ki, hazırda Azərbaycanda muğam çox sürətlə inkişaf edir, yayılır. Bu işdə Mehriban xanımın əməyi böyükdür.
A.Babayev “Qızıl ürək” beynəlxalq mükafatı alması münasibətilə Mehriban xanımı bir daha təbrik etmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin sədri, xalq artisti FİRƏNGİZ ƏLİZADƏ muğamın təbliğinin ümumbəşəri əhəmiyyətinə toxunmuşdur. O, Mehriban xanımın muğamın təbliğindəki xüsusi xidmətlərini vurğulamış, muğam ifaçılarına göstərilən diqqəti yüksək qiymətləndirmişdir. F.Əlizadə “Muğam” jurnalının nəşrə başlamasını muğamın təbliği işində yeni mərhələ kimi səciyyələndirmişdir.