Alina Kabayeva: “Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma öz ölkəsində idmanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm”
20.06.2015“Birinci Avropa Oyunlarının keçirilməsi təkcə Azərbaycan və Rusiya üçün deyil, həm də bütün Avropa üçün çox mühüm hadisədir. Dünya səviyyəli hadisədir və mən bu məqamı vurğulamaq istəyirəm. Axı, məlum olduğu kimi, idman xalqları birləşdirir. Bakıda Avropa Oyunları az qala bir ay ərzində dinc xəbərlər mənbəyi olacaq. Məncə, bu, çox gözəl haldır. Belə hadisələr nə qədər çox olsa, Avropa qitəsinin xalqları bir o qədər mehriban olar”.
Bu sözləri Rusiyanın “Natsionalnaya Media Qruppa” holdinqinin direktorlar şurasının sədri, Olimpiya çempionu, dünya və Avropa çempionu, Rusiyanın Əməkdar İdman Ustası Alina Kabayeva “Moskva-Baku” portalının müxbiri Yuliya Tkaçovaya müsahibəsində söyləyib.
A.Kabayevanın fikrincə, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə məhz Mehriban Əliyevanın başçılıq etməsi böyük əhəmiyyət daşıyır. O deyib: “Bu o deməkdir ki, idman tədbirinə dövlət miqyasında dəstək göstərilir və Azərbaycan Avropa Oyunları ilə bağlı bütün məsələlərin həllinə böyük məsuliyyətlə yanaşır. Biz Mehriban Əliyeva ilə şəxsən tanış deyilik, amma mən öz ölkəsində idmanın inkişafına, o cümlədən bədii gimnastikanın inkişafına onun necə böyük töhfə verdiyini bilirəm. Bu gözəl və enerjili, yeri gəlmişkən, bizim idman növünə yaraşan qadın 2000-ci illərin əvvəllərində Azərbaycan Gimnastika Federasiyasına başçılıq edib, Onun səyləri ilə bədii gimnastika respublikada elə yüksək səviyyəyə çatıb ki, dünya miqyaslı yarışlardan medallar gətirməyə başlayıb. Əvvəllər Azərbaycanın əsas idman uğurları güləş ilə bağlı idisə, birinci xanımın rəhbərliyi ilə gimnastlar da medallar qazanmağa başlayıblar. Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi dünya səviyyəsinin əldə edilməsinin etirafı olub”.
Azərbaycanda bədii gimnastikanın mövqeyinin həmişə möhkəm olduğunu vurğulayan A.Kabayeva deyib: ”Bildiyimə görə, bu gün gimnastika respublikada ən sevimli idman növlərindən biridir”.