Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş muğam konserti olub
13.06.2006İyunun 13-də Heydər Əliyev adına Sarayda Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmiş muğam konserti olmuşdur.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla qarşıladılar.
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş konsertdə xalq artistləri Möhlət Müslümovun (tar) və Fəxrəddin Dadaşovun (kamança) müşayiəti ilə xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Aygün Bayramova və Mənsum İbrahimovun ifasında səslənən muğamlar musiqi xəzinəmizin bənzərsiz incilərinin əzəmətini bir daha nümayiş etdirdi.
Üzeyir Hacıbəyovun 120 illiyi ilə əlaqədar "Space" televiziyasının keçirdiyi "Televiziya muğam müsabiqəsi-2005"in finalçılarının - Babək Niftəliyev, Vəfa Orucova, İlkin Əhmədov, Təyyar Bayramov, Qoçaq Əsgərov, Elnur Zeynalov, Elşad Aydınoğlu, Pərvaz İbrahimli, Zülfiyyə Məmmədova, Aytən Məhərrəmova, Bəyimxanım Mirzəyeva və Gülnar İsayevanın məharətli ifaları da xoş təsir bağışladı. Gənc ifaçıları istedadlı musiqiçilər - "Humay" mükafatı laureatları, tarzən Elçin Həşimov və kamançaçalan Elnur Əhmədov, habelə nağaraçalan Kamran Kərimov müşayiət edirdilər.
Xalq artisti Alim Qasımovun qızı Fərqanə ilə birgə çıxışı hərarətli alqışlarla qarşılandı.
Müvəffəqiyyətlə keçən konsert başa çatdıqdan sonra səhnə arxasına gələn Prezident İlham Əliyev muğam ifaçılarını təbrik edərək dedi:
- Çox gözəl konsert oldu. Hamımız müsabiqəni iki ay ərzində televiziya vasitəsilə izlədik. Bu, böyük hadisədir. Milli sərvətimiz olan muğam sənətimiz yaşayır və nə qədər ki, Azərbaycan xalqı yaşayacaq, muğam sənəti də yaşayacaqdır. Bu gün muğamın yeni dövrü başlayır. Mən hamınıza - həm ustadlara, həm də müsabiqə iştirakçılarına dərin təşəkkürümü bildirmək istəyirəm. Bu konsertdə iki nəsil - həm ustadlarımız, həm də gənclərimiz, uşaqlarımız, balalarımız iştirak edirdilər. Çox gözəl bir konsert oldu. Həqiqətən, bütün salonda əhval-ruhiyyə çox yüksək idi. Ona görə dərin minnətdarlığımı bildirir və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov Prezident İlham Əliyevə təşəkkür edərək müraciətlə dedilər ki, cənab Prezident, bütün bunlar Sizin sayənizdə mümkün olmuş, hazırda muğamımız bu səviyyəyə yüksəlmişdir. Biz sənət adamlarıyıq. Yaşlılar, cavanlar - hamımız deyirik ki, Allah Sizə ömür versin, yüz yaşayasınız. Nə arzularınız varsa, hamısı həyata keçsin.
Onlar qədim muğam sənətimizin qorunub-saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi sahəsində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirdilər və ona bir daha dərin minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev vurğuladı ki, Mehriban xanımın rəhbərlik etdiyi həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən müsabiqə təşkil olunmuşdur. Muğam Mərkəzi də tikiləcəkdir. Biz onun təməl daşını bərabər qoyduq. İndi yaxın zamanlarda tikinti başlayacaqdır və o, Muğam Mərkəzi kimi əbədi yaşayacaqdır.
Sağ olun. Sizə bir daha təşəkkür edirəm.