Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi olub
24.12.2016Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Agentliyin ilk layihəsi olan bu Kompleks xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonası var.
Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın təməlini qoyub.
Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.
İnşa olunacaq mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində səffaflığın təmin edilməsinə xüsusi diqqət göstəriləcək. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” elektron sistemi yaradılacaq. Bu sistem vətəndaşlara virtual “şəxsi kabinet” yaratmaq yolu ilə qeydiyyatdan keçmək və gələcəkdə növbəlilik prinsipinə əsasən müvafiq xidmətlərdən faydalanaraq mənzil əldə etməyə əlverişli şərait yaradacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq.
Sonra dövlətimizin başçısı burada inşa ediləcək məktəb binasının təməlini qoyub.
Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Sonra Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev və güzəştli mənzil almaq hüququna malik olan gənc ailənin üzvü Xanım Şamilova çıxış ediblər.