Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət ediblər
09.08.2022Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.
Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya muzey barədə məlumat verdi.
Bildirildi ki, türk və İslam dünyalarının ən böyük sufilərindən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xətlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.
Qeyd edildi ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.
Diqqətə çatdırıldı ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əlyazmaları ilə xalı səccadələr nümayiş etdirilir.
Vurğulandı ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.
Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan ərlərinə aid tabutlar və gümüş qəndillər var.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.