Zəngilan məscidinin tikintisi ilə tanışlıq olub, İşğal və Zəfər muzeylərinin təməli qoyulub, şəhərin Baş planı təqdim edilib
26.05.2022Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.
Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.
Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.
x x x
Sonra dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər.
Məlumat verildi ki, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, həm də bina dizaynı üçün nəzərə alınıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəflənib.
Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq.
Dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular.
İşğal Muzeyi düşmənin işğalı zamanı şəhərin və bölgənin məruz qaldığı vandallığın əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır. Zəngilan şəhərinin müəyyən hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdirilməsi nəzərdə tutulur. İşğal Muzeyində ətraf mühitə vurulan ekoloji zərərlər, xüsusilə Zəngilan şəhərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaq məqsədilə törədilən ekoloji terror aktları barədə məlumatlar diqqətə çatdırılacaq. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzey binasının şüşədən hazırlanacaq fasadının üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcək.
Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq. Zəfər Muzeyinin binasının çinar meşəsini xatırladacaq fasadı dünyada sahəsinə görə ikinci ən böyük təbii çinar meşəsi olan Zəngilan meşələrinə həsr olunacaq. Muzeyin foyesi vizual texnologiyalar vasitəsilə Zəfərə həsr olunan məlumatları nümayiş etdirmək üçün sərgi məkanı kimi istifadə olunacaq. Həmçinin muzeydə 80 tamaşaçı yeri olan 4D kinoteatr da yaradılacaq. Bu muzeyin inşasında əsas məqsədlərdən biri də məhz gələcəkdə burada “Zangilan Earth Film Festival”ın təşkil olunması və Zəngilanda törədilmiş ekoloji terroru beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaq.
Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.
Zəngilanla bağlı tarixi faktların yaradıcı üsulla dağıntılar üzərində əks etdirilməsi üçün xüsusi layihə həyata keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən cəlb olunacaq rəssamlar dağıntılar üzərində fərqli divar rəsmləri (“Street art”) yaradacaqlar. Beləliklə, 10 min 500 kvadratmetr sahəni əhatə edən dağıntılardan ibarət Memorial Park boyunca açıq səma altında sərgi təşkil olunacaq.
x x x
Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev məlumat verdi ki, Baş plan Komitənin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər yaradılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
Diqqətə çatdırıldı ki, Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir. Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasına imkan yaradacaq. Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “sa_partners” şirkətinin nümayəndələri ilə söhbət etdilər.
Prezident İlham Əliyev dedi: Salam. Siz görməyimə şadam. Təbrik edirəm. Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib. Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır.
Şirkətin nümayəndəsi: Əvvəla, təşəkkürümüzü bildirməliyəm. Biz çox şadıq ki, burada - Azərbaycanın çox gözəl guşəsindəyik. Bura ən yaxşı yerlərdən biridir. Biz buraya öz töhfəmizi verdiyimizə görə fərəhlənirik. Hesab edirəm ki, eyni konsepsiya ölkənizin digər əraziləri üçün örnək olmalıdır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Oxçuçayın mənzərəsini seyr etdilər.