Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.

Mərasim əsgərlərin meydana gəlməsi ilə başlayıb.

Sonra döyüş bayrağı meydana gətirilib.

Xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olunub.

Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik edib, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğulayıb.

Sonra dövlət himni səsləndirilib.

Daha sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşüb, onlarla söhbət edib.