Birinci vitse-prezident Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşüb

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub.

Rişar Ferran Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.

Sonra Mehriban Əliyeva ilə Rişar Ferranın görüşü olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

Rişar Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb.

Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışıb, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Milli dəyərlərə sadiq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırıb.

Mehriban Əliyeva Rişar Ferranı Bakıya səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.