Dünya dini liderlərinin Bakı sammiti işə başlayıb

Aprelin 26-da “Gülüstan” sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak ediblər.

Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edir. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılıblar.

Sammitin iştirakçıları əvvəlcə rəsmi foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib.

Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Prezident Dmitri Medvedevin sammit iştirakçılarına təbrik məktubunu oxuyub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, Türkiyənin Diyanət İşləri başqanı Əli Bardakoğlu, ermənilərin baş patriarxı katolikos II Qaregin, UNESCO-nun nümayəndəsi Bendev Badarç, Papa Şurasının dinlərarası dialoq üzrə nümayəndəsi, kardinal Jan Lui Taran, Ayətullah Məhəmməd Əli Təsxiri, Mitropolit Nikitas, İslam Konfransı Təşkilatının nümayəndəsi səfir Sadəddin Tasib, Çexiya və Slovakiya patriarxı Xristofor, Avropa Ravvinləri Konfransının nümayəndəsi Pinxas Qoldşmidt, Mitropolit Gerasim, Rusiya bütpərəstləri adından çıxış edən Sanjeylama Rimpoçet və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri sammitdə nitq söyləyiblər. 

Fasilədən sonra dünya dini liderlərinin Bakı sammiti işini davam etdirib.