Birinci vitse-prezident Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb

Martın 20-də - Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Mehriban Əliyeva görüşdə çıxış edib.

Görüşdə Fələstin Dövləti səfirinin xanımı Rohayu Binti Kutep Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarının adından çıxış edərək, Novruz bayramı münasibətilə Mehriban Əliyevanı təbrik etmək imkanının onlar üçün böyük şərəf olduğunu bildirib. Mehriban Əliyevanın diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşmək təşəbbüsünü yüksək dəyərləndirib, Novruz bayramının insanları sülhə və həmrəyliyə səslədiyini vurğulayıb. Qeyd edib ki, bu bayram dostluğu təcəssüm etdirərək, yardıma ehtiyacı olanlara dəstək verməyi təlqin edir.

Azərbaycan haqqında fikirlərini bölüşən Fələstin Dövləti səfirinin xanımı ölkəmizin gənc müasir dövlət olduğunu deyib. Bildirib ki, Azərbaycan həm gələcəyə istiqamətlənən ölkədir, həm də minillərlə yaşı olan tarixini, zəngin irsini və mədəniyyətini qoruyub saxlayır. Rohayu Binti Kutep Azərbaycanda hökm sürən tolerantlığı yüksək dəyərləndirib, burada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığını vurğulayıb. Fələstin Dövləti səfirinin xanımı dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və inkişaf arzulayıb, Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırıb.

Sonda Mehriban Əliyeva əməkdaşlıq, o cümlədən humanitar sahədə əlaqələrə bir daha toxunub.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.