Azərbaycan Mədəniyyətinin Dostları Fondu Filarmoniyada muğam axşamı təşkil edib
08.06.2005Azərbaycan Mədəniyyətinin Dostları Fondunun “Muğam dəstgahları” layihəsi çərçivəsində iyunun 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti muğam axşamı təşkil edilmişdir.
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə olmuşdur.
Budəfəki muğam axşamında cavan nəslə mənsub ifaçılar - respublikanın əməkdar artisti Aygün Bayramova və Zabit Nəbizadə çıxış etmişlər. Musiqisevərlər Aygün Bayramovanın ifasında “Şahnaz” və “Kəsmə şikəstə”, Zabit Nəbizadənin oxuduğu “Çahargah” muğamlarını hərarətlə, dəfələrlə sürəkli alqışlarla qarşıladılar. Bu alqışlarda xanəndələri ustalıqla müşayiət edən tarzənlər Elçin Haşımov və Ələsgər Məmmədovun, kamançaçalanlar Elnur Əhmədov və Xəyyam Məmmədovun, digər musiqiçilərin də payı vardı.
Musiqi sənətimizin baş tacı olan muğamların qorunub saxlanması və təbliğinə son dövrdə göstərilən diqqət və qayğı həm ictimaiyyət, həm də incəsənət xadimləri tərəfindən çox böyük razılıqla qarşılanır və haqlı olaraq deyilir ki, "Muğamatın keşiyində duranları min yaşasın".
Konsertdən sonra respublikamızın bir qrup tanınmış ağsaqqal sənətçisi Mehriban xanım Əliyevaya yaxınlaşaraq, xalqımızın milli mədəniyyətinin, misilsiz sərvəti olan muğamlarımızın dünyada təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirdilər və ona dərin təşəkkürlərini bildirdilər.