Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idman gimnastikası yarışlarının final mərhələsini izləyiblər
20.06.2015İyunun 20-də Milli Gimnastika Arenasında idman gimnastikası yarışlarının final mərhələsi keçirilib.
İdman gimnastikası üzrə mübarizənin gedişini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva da izləyiblər.
Azərbaycan idmançısı Oleq Stepko kişilərin gimnastika atı üzrə yarışlarında gümüş, dayaqla tullanma yarışlarında bürünc və paralel qollarda hərəkətlər üzrə yarışda isə qızıl medal qazanıb.
Komanda və fərdi çoxnövçülük yarışlarından sonra gimnastlar ayrı-ayrı hərəkətlər üzrə mübarizəyə qoşulublar. Bu yarışlarda gimnastlar 10 dəst medal uğrunda mübarizə aparıblar. Qadınlar 4, kişilər isə 6 hərəkətdə çıxış ediblər.
Oleq Stepko gimnastika üzrə komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə isə gümüş medal qazanıb.
Qalib idmançılara mükafatları Mehriban Əliyeva təqdim edib.
Halqalarla hərəkətlərdə qüvvəsini sınayan Oleq Stepko 4-cü nəticə göstərib. Kişilərin dayaqla tullanma yarışlarında isə Oleq Stepko Azərbaycana bürünc medalı qazandırıb. Sonra dayaqla tullanma yarışlarında fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub.
Daha sonra Azərbaycan idmançısı Oleq Stepko paralel qollarda hərəkətlər üzrə yarışlarda mübarizəyə qoşulub. O, bu idman növündə ən yüksək nəticə göstərərək qızıl medalın sahibi olub.
Sonra paralel qollarda hərəkətlər üzrə yarışlarda qalib gələn idmançıların mükafatlandırılması mərasimi keçirilib.