UNESCO-da “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olub

Sentyabrın 17-də Qobustanın UNESCO-da tanıtımı çərçivəsində “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olub.

UNESCO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumun baş direktoru İrina Bokova ilə görüşüb. Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb, Qobustanla bağlı UNESCO-da baş tutan təqdimatın önəmi vurğulanıb, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

“Qobustan kölgələri” baleti nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESCO-da təqdimatından şad olduğunu bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkədə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini söyləyib. Nazir vurğulayıb ki, “Qobustan kölgələri”nin xaricdə ilk nümayişi 45 il öncə Parisdə olub və yenidən bu mövzuya Fransa paytaxtında qayıdılması buradakı sənətsevərlərə dəyərli töhfədir.

Sonra “Qobustan kölgələri” baleti nümayiş etdirilib.

Böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin ölməz əsərlərindən olan “Qobustan kölgələri” baletinin ilk premyerası 1969-cu ildə baş tutub. Sonradan o, Paris, Nis, Luksemburq, Monte Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub.

Həmin gün Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı da olub.