Vətənimiz

Vətən doğulub böyüdüyümüz doğma yurd-yuvadır. Bizim Vətənimiz Azərbaycandır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər birimiz Vətənimizi sevməli və onu qorumalıyıq.

Dövlətimizin adı Azərbaycan Respublikasıdır. “Respublika” latın dilində “xalq işi” deməkdir. Bu cür ölkələrdə dövləti idarə edənlər xalq tərəfindən seçilir. Xalq dövlətin idarə olunmasında iştirak edir.

Azərbaycan Respublikası 1918-ci il may ayının 28-də yaradılmışdır. Biz hər il bu günü bayram edirik. Uzun illər SSRİ adlanan bir dövlətin əsarətində qalan ölkəmiz 1991-ci il oktyabr ayının 18-də yenidən müstəqillik əldə etmişdir. Ona görə də hər il 18 oktyabrı Müstəqillik Günü kimi bayram edirik.

Dövlətimizin başçısı prezidentdir. Onu xalq seçir. Prezident Azərbaycan dövlətini təmsil edir. O, Vətənimizi düşməndən qorumaq üçün yaradılmış Silahlı Qüvvələrimizin Ali baş komandanıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Dövlətimizin qanunlarını Milli Məclis qəbul edir. Milli Məclisin 125 deputatı var. Onları xalq seçir. Ona görə onlara millət vəkilləri də deyirlər.

Azərbaycan demokratik dövlətdir. Demokratik dövlətdə insanların hüququ qorunur. İnsanların yaşamaq, təhsil almaq, fikrini bildirmək, istirahət etmək, mənzilə sahib olmaq, ailə qurmaq və bir çox başqa hüquqları vardır. Bu hüquqlar insan hüquqları adlanır və dövlət tərəfindən qorunur.

Məhkəmələr hüquqların qorunmasına, qayda-qanuna əməl olunmasına nəzarət edir. Hər kəs qanun qarşısında bərabərdir.

Uşaqların qorunması bütün dünyada ən vacib məsələdir. Uşaqlara qayğı göstərilməsi, onların hüquqlarının qorunması ailənin, valideynlərin borcudur. Dövlətimiz valideynlərimizin bu vəzifələrini necə yerinə yetirmələrinə nəzarət edir. Uşaqlar da öz növbəsində yaxşı oxumalı və gələcəkdə Vətənimizin daha da inkişafı üçün dövlətə kömək etməlidirlər.

Dövlətimiz cəmiyyət üzvü olan hər bir insanın əmin-amanlıq şəraitində yaşaması, sağlam olması və firavan dolanması üçün çalışır. Dövlətimiz Azərbaycan vətəndaşlarının hüquqlarını qoruyur. Dövlətimiz mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin inkişafına yardım göstərir, təbiətimizi, xalqımızın tarixini qoruyur.

Dövlətimizin əsas qanunu Azərbaycan Respublikasının Konstitusiyasıdır. Dövlət dilimiz Azərbaycan dilidir. Pul vahidimiz Azərbaycan manatıdır.

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.