Sərhədlərimiz

Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində yerləşir. Ölkəmizin ərazisi 86,6 min km2-dir.

Respublikamız quruda 5 ölkə ilə həmsərhəddir. Bunlar Türkiyə Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası, Ermənistan və Gürcüstan respublikalarıdır. Ölkəmizin şərqində isə Xəzər dənizi yerləşir. Respublikamız Türkmənistan və Qazaxıstanla su sərhədinə malikdir.

Rusiya Federasiyası Azərbaycandan şimalda yerləşir. Bu ölkə ilə sərhədimizin uzunluğu 390 km-dir.

İran İslam Respublikası Azərbaycandan cənubda yerləşir. İranla sərhədimizin uzunluğu 765 km-dir.

Gürcüstan dövləti Azərbaycandan şimal-qərbdə yerləşir. Gürcüstanla sərhədimizin uzunluğu 471 km-dir.

Ölkəmiz qərbdə və cənub-qərbdə Ermənistanla həmsərhəddir. Bu ölkə ilə sərhədimizin uzunluğu 1007 km-dir. İndi Ermənistan Respublikası adlanan ərazidə tarixən Azərbaycan türkləri yaşayıb. Lakin ermənilər onları zorla öz yurd-yuvalarından qovublar. Hazırda Ermənistan Respublikasında bir nəfər də Azərbaycan türkü yaşamır.

Azərbaycan cənub-qərbdən Türkiyə Respublikası ilə həmsərhəddir. Türkiyə ilə sərhədimizin uzunluğu 15 km-dir.

Respublikamız şərqdən Xəzər dənizi ilə əhatə olunmuşdur. Respublikamızın quru sərhədlərinin uzunluğu 2647 km, su sərhədlərinin uzunluğu 816 km-dir.