Hər bir xalqın mədəni irsi onun sərvətidir. Tarixi abidələr, ustad memarların tikdiyi binalar, məşhur rəssamların çəkdiyi tablolar, yazıçı və şairlərin yazdığı bədii əsərlər, görkəmli bəstəkarların yaratdığı musiqi əsərləri, xalq sənətkarlığının nümunələri xalqın mədəni irsi sayılır.
Xalqımız dünya mədəniyyətinin yaranmasında çox böyük rol oynamışdır. Biz haqlı olaraq öz tarixi abidələrimiz, zəngin ədəbiyyatımız, incəsənətimiz və musiqi mədəniyyətimiz ilə öyünürük. Müsəlman Şərqində ilk teatr, ilk opera, ilk balet, ilk Elmlər Akademiyası Azərbaycanda yaradılmışdır.
Azərbaycan xalqının yazılı ədəbiyyatının ən qədim nümunəsi “Avesta”dır. Burada Azərbaycan xalqının mifoloji dünyagörüşü öz əksini tapmışdır. 1300 illik tarixi olan “Kitabi-Dədə Qorqud” dastanı ulu babalarımızın yazılı halda bizə gəlib çatmış ən qədim və böyük abidəsidir.
Azərbaycan torpağı bəşəriyyətə Bəhmənyar, Əcəmi Naxçıvani, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Yusif Məmmədəliyev kimi dühalar bəxş etmişdir.
Dünyanın ən zəngin muzeylərində – Londonun Viktoriya və Albert, Vaşinqtonun Tekstil və Metropoliten, Parisin Luvr, İstanbulun Topqapı, Sankt-Peterburqun Ermitaj və bir çox muzeylərdə Azərbaycan xalq sənətkarlığının gözəl nümunələri ilə rastlaşmaq olur.
Təsviri sənətin ən qədim nümunələrinə Qobustanda, Gəmiqayada rast gəlmək olar. Buradakı qayalarda heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, bürclər, səma cisimləri təsvir edilib.
Vətənimizin ərazisi tarixi memarlıq abidələri ilə zəngindir. Alban dövləti dövrünə aid çoxsaylı abidələr qorunaraq bu günədək gəlib çatmışdır. Naxçıvandakı Yusif ibn Küseyir, Möminə Xatın türbələri, Bərdə türbəsi, Cəbrayıl rayonundakı Xudafərin körpüləri, Qazax rayonundakı Sınıq körpü, Bakının rəmzi olan Qız qalası, Şirvanşahlar sarayı kompleksi, Mərdəkan, Nardaran və Ramana qalaları, Pirsaatçay Xanəgahı, Şəki xanlarının sarayı və s. Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir.
Vətənimiz Odlar yurdu sehrkar musiqi diyarı kimi məşhurdur. Qobustanda aşkar edilmiş “qavaldaş”, qayaüstü təsvirlər arasında “yallı” oynayan insanların təsviri Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir. Azərbaycan milli musiqisinin təməl daşını muğamlar təşkil edir.
Şuşa Azərbaycanın musiqi məbədidir. Əsrlər boyu zəngin musiqi ənənələri ilə məşhur olmuş Şuşanı Qafqazın konservatoriyası adlandırırdılar.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində mədəni irsimizə ciddi ziyan vurulmuşdur, milli mədəniyyət abidələrimiz qəddarcasına dağıdılmışdır. Ermənilər tərəfindən talan edilmiş muzeylərimizdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı.
Xalqımızın adət-ənənələri, milli bayramlarımız da mədəni irsimizin bir parçasıdır. Novruz bayramının tarixi xalqımızın tarixi qədər qədimdir.
Mədəni irsimizi qorumaq hər birimizin borcudur. Çünki bu Vətənimizin, xalqımızın, tarixidir, özünəməxsusluğudur. Bu dəyərləri qorumalıyıq ki, gələcək nəsillər ona baxıb qürur duysunlar.