Azərbaycan zəngin və qədim tarixi olan ölkədir. Dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarası ölkəmizin ərazisində yerləşir. Burada 350-400 min il bundan əvvəl yaşamış qədim insanın çənə sümüyü tapılmışdır.
Xalqımızın 5 min illik dövlətçilik tarixi vardır. Azərbaycan ərazisində yaranmış ilk dövlət Mannadır. Manna dövləti üç yüz ilə yaxın mövcud olmuşdur. Onun süqutundan sonra Azərbaycan ərazisində Midiya, Skif və Massaget şahlıqları, Albaniya və Atropatena kimi qüdrətli dövlətlər mövcud olmuşdur. Tarixin gedişatında Azərbaycan ərazisində Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri yaranmışdır.
Ağqoyunlu dövləti ən güclü dövlətlərimizdən biri olub. Ağqoyunlu dövləti Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxlayan ilk Azərbaycan dövləti idi. Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövləti Kürdən cənubda olan bütün Azərbaycan torpaqlarını birləşdirmiş və qonşu ölkələri tabe etmişdi. O, digər Azərbaycan dövləti – Şirvanşahlarla dostluq və müttəfiqlik siyasəti yürüdürdü.
Uzun Həsənin anası Sara Xatun Şərqin, bütün türk-müsəlman dünyasının ilk qadın diplomatı olub.
Azərbaycan tarixinin ən qüdrətli dövlətlərindən biri Səfəvilər dövlətidir. Onun əsasını Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai qoymuşdur. 14 yaşında taxta çıxan Şah İsmayıl Azərbaycan torpaqlarını vahid hakimiyyət altında birləşdirdi. O, bir çox Şərq ölkələrini fəth edərək paytaxtı Təbriz olan böyük və qüdrətli Səfəvilər İmperiyasını yaratdı.
Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan dili dövlət dilinə çevrilmişdi. Orduda, sarayda və xarici dövlətlərlə yazışmalarda Azərbaycan dilindən istifadə olunurdu.
Şah İsmayıl Xətai 1524-cü ildə xəstələnir və vəfat edir. Onun vəsiyyəti bu olur – “Babalarımızdan bizə üç yadigar qalmışdır: dilimiz, qeyrətimiz, Vətənimiz. Yaxşı nə başlamışamsa, davam edin. Səhvlərimizi təkrar etməyin”.
Səfəvilərin zəifləməsindən sonra hakimiyyətə gəlmiş görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar keçmiş Səfəvi dövlətinin sərhədlərini daha da genişləndirmişdir.
Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır.
XVIII əsrin ikinci yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara parçalanmışdır. Bundan istifadə edən İran və Rusiya imperiyası Azərbaycanı 2 hissəyə böldülər. Azərbaycanın şimalı (Şimali Azərbaycan) Rusiyaya, cənubu (Cənubi Azərbaycan) isə İrana qatıldı. Haqsız olaraq Vətənimiz bölündü, parçalandı. Torpaqlarımıza ermənilər və başqa yadellilər köçürülüb gətirildi.
Bu işğaldan xilas olmaq üçün xalqımız uzun illər azadlıq uğrunda mübarizələr aparmışdır. Bunların nəticəsi olaraq Şimali Azərbaycanda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik dövlət idi.
Azərbaycan Xalq Cümhuriyyəti mühüm qərarlar qəbul etdi – Azərbaycan dili dövlət dili elan edildi, Milli Ordu yaradıldı, üç rəngli bayrağımız Dövlət bayrağı kimi qəbul edildi, ilk ali məktəb – Bakı Dövlət Universiteti yaradıldı. Lakin dövlətimiz 23 ay yaşaya bildi. 1920-ci ilin aprelində Cümhuriyyət Sovet Rusiyası tərəfindən işğal edildi. Qədim Azərbaycan torpağının qərb hissəsində isə erməni dövləti yaradıldı.
70 il əsarətdə qalan xalqımız 1991-ci ildə yenidən müstəqillik əldə etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi elan edildi.
Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin, Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.
Müstəqilliyimizin ilk illərində Vətənimiz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldı. Ərazimizin 20%-inin işğal olunması nəticəsində arasında çoxlu uşaq olan 1 milyondan artıq Azərbaycanlı öz doğma yurd-yuvalarından qovuldu. Xalqımıza qarşı müasir tarixin ən faciəli hadisəsi – Xocalı soyqırımı həyata keçirildi. 1990-1993-cü illər Azərbaycan xalqının yaddaşına qanlı səhifələr kimi yazıldı.
Vətənimizin bu çətin anında görkəmli dövlət xadimi Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. O, xalqı parçalanmadan, ölkəni təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı.
Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanmışdır.
Bu gün müasir Azərbaycan Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə öz sürətli inkişaf dövrünü yaşayır.