Dövlətimizin başçısı prezidentdir. Onu xalq seçir. Prezident Azərbaycan dövlətini təmsil edir. O, Vətənimizi düşməndən qorumaq üçün yaradılmış Silahlı Qüvvələrimizin Ali baş komandanıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirdikdən sonra 1982-ci ildə bu institutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlamışdır.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 % səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlamışdır.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar seçkilərdə İlham Əliyev seçicilərin 92.12 faizi səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
İlham Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.
Evlidir. Üç övladı var.