Qarabağımız

Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Başqa türk dillərində olduğu kimi Azərbaycan dilində də “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan “Qarabağ” – “böyük bağ”, “sıx bağ”, “qalın bağ” mənasını kəsb edir. Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.


Qarabağ dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından alimlər qədim insanların necə yaşadıqlarını göstərən maraqlı tapıntılar aşkar etmişlər. Burada tapılmış ən qiymətli nümunə qədim insanın alt çənə sümüyüdür. Həmin insan yaşadığı mağaranın adına uyğun olaraq “Azıx adamı” adlandırılmışdır. Bu tapıntıya görə Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Bu ərazilər ta qədimdən Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. 18-ci yüzilliyin ortalarında Qarabağda müstəqil bir dövlətimiz yaranmışdı. Bu dövlət Qarabağ xanlığı adlanırdı. Qarabağ xanlığının əsasını Pənahəli xan qoymuşdu. O, xanlığı müdafiə etmək üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirmiş, Şuşada daha möhtəşəm qala tikilməsi üçün göstəriş vermişdi. 1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdü. Qala onu tikdirmiş Pənah xanın şərəfinə “Pənahabad” adlandırıldı. Sonralar bu qala yenə də Şuşa qalası kimi tanındı.

Şuşa Vətənimizin dilbər guşəsi olan Qarabağın dağlıq hissəsində sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində yerləşir. Şuşa şəhərinin bu cür adlanması həmin yerlərin uca, şiş dağların zirvəsində yerləşməsi ilə bağlıdır. Şuşa son dərəcə təmiz havası, gözəlliyi, İsa bulağı, Turşsu, Səkinə bulağı, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıq bulaq və başqa nadir bulaqları ilə də məşhurdur. Burada şairə Xurşidbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bül-bülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın mülkləri, “Gəncə darvazaları”, Qala divarı və başqa tarixi və mədəni abidələr vardır.

19-cu yüzilliyin əvvəllərində Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etməyə başladı. Rusiya imperiyasının işğalından sonra Qarabağa və digər Azərbaycan torpaqlarına – İrəvan və Naxçıvan ərazilərinə İranda və Osmanlı ərazilərində yaşayan erməni ailələri köçürüldülər. Azərbaycanlıların torpaqları əllərindən alınır və buraya köçürülən ermənilərə verilirdi.

1923-cü ildə Azərbaycan xalqının etirazına baxmayaraq Sovet rəhbərliyi vaxtilə bizim torpaqlara köçürülmüş ermənilərə muxtariyyət hüququ vermiş və Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmışdır.

Ermənilər bizim torpaqlara başqa yerlərdən köçürülmələrinə baxmayaraq tarixən Vətənimizin ərazilərini mənimsəmək istəmiş, xalqımıza qarşı soyqırımlar həyata keçirmişlər.

Bu gün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i – Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğal edilmişdir. Bu hərbi təcavüz nəticəsində uşaqlar, qadınlar, ahıl yaşında olanlar da daxil olmaqla çoxlu sayda həmvətənlərimiz həlak olmuş, 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovulmuş və qaçqın vəziyyətinə düşmüşdür.

Azərbaycan dövləti müharibə istəmir. Arzu edir ki, münaqişə sülh yolu ilə həllini tapsın, Azərbaycan torpaqları tezliklə işğaldan azad olunsun. Buna görə də 1994-cü ildən başlayaraq əvvəlcə ölkə Prezidenti Heydər Əliyev sülh danışıqları aparmışdır. 2003-cü ildən Prezident İlham Əliyev danışıqları davam etdirir. Ancaq hər bir vətəndaş hər zaman öz Vətənini qorumağa, onun uğrunda döyüşməyə hazır olmalıdır.


İşğal tarixləri
Xocalı – 26-02-1992
Şuşa – 08-05-1992
Laçın – 18-05-1992
Xocavənd – 02-10-1992
Kəlbəcər – 02-04-1993
Ağdərə - 17-06-1993
Ağdam – 23-07-1993
Cəbrayıl – 23-08-1993
Füzuli – 23-08-1993
Qubadlı – 31-08-1993
Zəngilan – 29-10-1993