Bayramlarımız

Yeni İl

Yanvar (latınca - januarius) qədim Roma allahı Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin 1-ci ayıdır.

Ölkəmizdə də Qriqori təqvimindən istifadə olunduğu üçün 1 yanvar yeni ilin başlanğıcı hesab olunur.

Beynəlxalq Qadınlar Günü

8 mart qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd edilmişdir. Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir.

Əvvəllər bu gün müxtəlif tarixlərdə keçirilirdi. Qadınlar gününün 8 martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrdə qadınların öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənənə halını almışdır.

Novruz Bayramı

Azərbaycan xalqının ən çox sevdiyi milli bayram Novruz bayramıdır. Novruz bayramını biz 20-24 martda qeyd edirik.

Novruz bayramının tarixi çox qədimdir. Yazın gəlişi, torpağın oyanması ilə bağlı olan bu bayramda səməni göyərtmək, yumurta boyamaq, su üstündən tullanmaq, tonqal qalamaq, oddan atılmaq və başqa adətlər yüz illərdir ki, unudulmur. Novruz mehribanlıq, bərəkət bayramıdır. Ona görə də Novruzda küsülülər barışır.

Faşizm üzərində Qələbə Günü

İkincü dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Faşizmə qarşı müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir.

Hər il mayın 9-nu xalqımız Faşizm üzərində Qələbə Günü kimi bayram edir.

Respublika Günü

28 may Azərbaycan Respublikasının əziz bayramıdır. 1918-ci ilin həmin günündə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Respublikamızın yaşı da həmin ildən hesablanır.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika idi. Bu respublika 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süqut etdi.

1991-cı ildə xalqımız yenidən müstəqilliyini bərpa etdikdən sonra 28 may Respublika Günü kimi qeyd olunur.

Milli Qurtuluş Günü

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət gərginləşmiş, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Bununla yanaşı erməni təcavüzü gündən-günə güclənirdi. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Silahlı Qüvvələr Günü

Azərbaycanın Milli Ordusu 1918-ci il iyunun 26-da yaradılmışdır. Lakin Azərbaycan Sovet imperiyasının tərkibinə qatılandan sonra onun Milli Ordusu ləğv edildi.

Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Milli Ordumuz yenidən yaradıldı. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordudur.

Xalqımız hər il 26 iyunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü təntənə ilə qeyd edir. Milli Ordumuzun hərbi paradı keçirilir.

Dövlət Müstəqilliyi Günü

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etmişdir. Bu Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin yekun nöqtəsi oldu.

Xalqımız hər il 18 oktyabrı Dövlət Müstəqilliyi Günü kimi qeyd edir.

Dövlət Bayrağı Günü

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur.

Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir.

Konstitusiya Günü

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Milli Dirçəliş Günü

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovuldular. Bunun ardınca ermənilər 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.

Ermənistan rəhbərliyinin və Sovet imperiyasının əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı. Buna görə də 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dünya azərbaycanlılarının həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, hər il dekabrın 31-ni dünyada yaşayan azərbaycanlılar bayram kimi qeyd edir.

Qurban Bayramı

Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox əvvəl mövcud olmuşdur.

Dini mərasim olan qurban kəsilməsi İbrahim Peyğəmbərlə bağlı bir əhvalatdan sonra yaranmışdır. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir.

Din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.

Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü qeyd olunur. Bayram günündə məscidlərdə xüsusi bayram namazı qılınır, qoyun, qoç, inək, dana və ya dəvə kəsilir, əsasən ehtiyacı olanlara paylanır, ehsanlar verilir.

Ramazan bayramı

Ramazan bayramı orucun sona catması münasibəti ilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Orucluq vaxtı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, cəbhədə vuruşanlar, səfərə çıxanlar azad olunurlar.

Orucluq “id-əl-fitr” bayramı ilə başa çatır. Həmin gün bütün varlı və imkanlı müsəlmanlar kasıb müsəlmanlara kömək etməyə borcludurlar.

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.