Musiqi, musiqi…

Dünyanın ən dilbər guşələrindən biri olan Azərbaycan əsrlər boyu böyük mədəniyyətin beşiyi, musiqiçilərin vətəni olmuşdur. “Musiqi azərbaycanlıların qanına ana südü ilə hopur” kəlamı tarixi həqiqəti əks etdirən müdrik sözlərdir. Azərbaycanın simvolu kimi dünyanın hər yerində bəlli olan minilliklərin yaddaş kitabəsi - Qobustan qayaüstü rəsmlərindən ən məşhuru yallı gedən insanlardır. Bu rəqsi indi də toyda-düyündə, el şənliklərində, bayramlarda ifa edirlər. Atropatenanın zərdüştilik ayinlərini müşayiət edən musiqinin izləri indi də musiqi folklorunda yaşayır. Böyük Nizaminin əsərlərində adları çəkilən çeşid-çeşid orta əsr musiqi alətlərinin (saz, ud, bərbər, setar, çənq, qanun, müşkar, ərğanun, kamança, rübab, tənbur, ney, kəranay, şeypur, kus, davul, dəf, nağara, zəndan) mövcudluğu onu sübut edir ki, dahi şairin yaşadığı dövrdə Azərbaycanda nəinki solo, həmçinin ansambl ifaçılığı da geniş yayılmışdı. Azərbaycanlı alimlər – Səfiəddin Urməvi (XIII) və Əbdülqadir Marağayi (XIV) orta əsr şərq klassik musiqi elminin ən nüfuzlu simaları kimi tanınırlar. Tarix boyu Azərbaycan müxtəlif siyasi-ictimai şəraitdə varlığı və müstəqilliyi, mənliyi uğrunda mübarizə aparıb. Onun qəhrəmanlıq səhifələri musiqi səlnaməmizdə – aşıq dastanlarında, cəngi havalarında təcəssüm olunub. Azərbaycan muğamı dünya musiqi sənəti xəzinəsi incilərindən biri kimi təravətini əsrlərdən bəri qoruyub saxlamışdır. “Qafqazın konservatoriyası” adlandırılan Şuşa Azərbaycan musiqi sənəti tarixinə onlarla böyük muğam ustası – xanəndələr, tarzənlər bağışlamışdır.

“Şuşa və Azərbaycan musiqisi” sözləri isə Azərbaycanla maraqlanan, onu sevən, tədqiq edən hər kəs üçün ayrılmaz vəhdətdir. Səttar, Sadıxcan, Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Məcid Behbudov və neçə-neçə muğam ustadının adı Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda məşhurdur.

XX yüzillik Azərbaycan musiqisinin çoxəsrlik inkişafında yeni mərhələ açdı. Cəmi bir neçə onillik ərzində Azərbaycanda Avropa zəmininə dayaqlanan yeni musiqi ənənələri, ifaçılıq məktəbi yarandı. 1908-ci ildə “Şərq musiqisinin patriarxı” sayılan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə bəstəkarlıq erasının təməli qoyulur. Təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində ilk opera olan “Leyli və Məcnun” musiqi aləminə muğam ilə operanın orijinal sintezini təqdim etdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası dünyanın bütün qitələrini fəth etdi. Şərqin ilk konservatoriyalarından biri də 1921-ci ildə Bakıda açıldı. Hal-hazırda Azərbaycan dünya miqyasında yüksək ifaçılıq ənənələri, gözəl musiqi kollektivləri, bəstəkarlıq məktəbi ilə tanınır.

Azərbaycan bəstəkarları – Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq müsabiqələr laureatları Fərhad Bədəlbəyli, Sərvər Qəniyev, Xuraman və Fidan Qasımovalar, Adilə Əliyeva, Vasif Həsənov və başqaları Azərbaycan ifaçılıq məktəbinin dünya miqyasında tanınmış nümayəndələridirlər. Xanəndə Alim Qasımovun, caz müğənnisi Əzizə Mustafazadənin beynəlxalq aləmdə böyük uğurları da xüsusi qeyd olunmalıdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində də beynəlxalq əlaqələr genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq musiqi festivalları təşkil edilir. Öz növbəsində bizim musiqi xadimlərimiz xarici ölkələrdə keçirilən musiqi tədbirlərində iştirak edirlər. Dünya miqyaslı musiqiçilər – Mstislav Rastropoviç, Bella Davidoviç, Dmitri Sitkovetski böyük həvəslə Bakıya gəlir, konsertlərlə çıxış edir, açıq dərslər verirlər.

Yeni mərhələdə Azərbaycan musiqi sənətinin inkişafında “Azərbaycan Mədəniyyətinin Dostları” fondu yaxından iştirak edir. Fondun son tədbirlərindən biri – “İpək yolu - Birinci Simfonik və Kamera musiqisi festivalı” da böyük əks-səda oyatmışdır.