Üzüyümün qaşı firuzədəndir...
Müasir Azərbaycan mədəniyyətinin möcüzəli, ecazkar bir musiqi dünyası var. Bu dünyanın parlaq ulduzları – Fidan və Xuraman Qasımovalar artıq uzun illərdir valehedici, bənzərsiz, ilahi səsləri ilə Azərbaycanı dünyada tanıdan əsl sənət elçiləridirlər. Milli vokal məktəbimizin mötəbər beynəlxalq müsabiqələrdə ən yüksək səviyyədə – qaliblər zirvəsində təmsil olunması ilk dəfə Fidan və Xuraman Qasımovaların adı ilə bağlı olub. Fidan xanımın İtaliyada (Viotti adına), Xuraman xanımın Yunanıstanda (Mariya Kallas adına), Rusiyada (Pyotr Çaykovski adına) sənət yarışmalarında parlaq qələbələri XX əsr Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılmışdır. Tale onlardan sanki heç nəyi əsirgəməyib – gözəl səs, gözəl sima, nadir istedad... Hər iki bacının ümumiləşdirilmiş obrazı məhz bu iki kəlməyə köklənir: Gözəllik və İstedad.
Fidan Qasımovanın Nigarı, Marqaritası, Dezdemonası, Tatyanası, Mimisi..., Xuraman Qasımovanın Sevili, Toskası, Aidası... Müğənnilərin opera səhnəsində yaratdıqları obrazlar qalereyası texniki kamilliyi, obrazın daxili aləminin parlaq təcəssümü ilə diqqəti cəlb edir. Hələ onların dünya vokal ədəbiyyatını – Baxdan tutmuş müasir Azərbaycan bəstəkarlarının əsərlərinə qədər – əhatə edən zəngin repertuarını demirik. İyirmi beş ildə Fidan və Xuraman Qasımovaların həyatında uğur, parlaq qələbələr kədərli, qəmli anlarla qoşa addımlayıb. Lakin hər iki sənətkar taleyin zərbələrinə sinə gərərək bu gün də dünyanın hər bir guşəsində bol-bol alqış qazanır, Azərbaycan musiqisinin salnaməsini yaradır.
Fidan və Xuraman Qasımovalar ən ali dövlət mükafatlarına layiq görülüblər. Lakin onların ən böyük mükafatı tamaşaçı ilə dolu, güllü-çiçəkli konsert zalları, teatr səhnələri, xarici ölkələrə çoxsaylı dəvətlər, Bakı Musiqi Akademiyasındakı tələbələri və həmkarlarının məhəbbətidir.