Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli, enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb, uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər. Heydər Əliyev. Tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider. Mənim də mənsub olduğum nəsil üçün - dünyaya 60-cı illərdə göz açanlara o, ailə üzvü qədər yaxın və doğmadır. Və bu yaxınlıq tamamilə təbiidir.
Hələ məktəb illərindən universitetə qədər, oradan da müstəqil həyata vəsiqə alanlar üçün Heydər Əliyev möhkəm iradəsi, təşkilatçılıq və dövlətçilik vərdişlərinin unikal virtuozluğu ilə heyran edən, geniş erudisiyası, qibtə ediləcək işgüzarlığı, sənətə vurğunluğu və sənət adamlarına himayədarlığı ilə örnək bir lider olmaqla yanaşı, həm də bizim gündəlik həyatımızın, məişətimizin təcridedilməz bir hissəsi idi.
O zamanın qanunlarına görə yaşayan bir cəmiyyətdə respublika başçısının, sözün yaxşı mənasında, millətpərəst bir insan olması onun həyatının nə qədər maneələrlə, üstüörtülü təhlükələrlə, daxili sarsıntılarla dolu olduğunu göstərir. Başqa cür ola da bilməzdi! Axı Azərbaycan üçün Heydər Əliyev möhkəm sipər, dayaqdır. Bunu bizim nəslimiz 80-ci illərin sonunda Vətənin üstünü qara buludlar alanda - Qarabağ savaşında, 20 Yanvar faciəsində haqsızlıq və laqeydlik ilə üz-üzə qalanda hiss etdi. Onun Azərbaycan üçün varlığının talenin Tanrı payı olduğunu onda dərindən duyduq. Hiss etdik ki, “Azərbaycan və Heydər Əliyev qırılmaz tellərdir” kəlmələrinin ifadəsi adi ritorika deyil.
Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətən – Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı.
Hüseyn Cavidi uzaq soyuq Sibirdən Vətəninə qaytaranda, dahi həmvətənlərinin xatirəsini əbədiləşdirmək üçün bir-birindən əhəmiyyətli tarixi-mədəni layihələri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayanda o, bizlərə “Bu Vətən sənin, mənim, hamımızındır” kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi. 1993-cü ildə yenidən Azərbaycan tarixini yaradan Heydər Əliyevi dəstəkləmək üçün meydanlara yığışan, onun səsinə səs verən milyonlarla azərbaycanlı arasında biz də – dünyaya 60-ci illərdə göz açanlar da var idik.
Mənim həmyaşıdlarım həyatlarındakı Heydər Əliyev mərhələsinin bu gününü yaşayır, yenə də həyat dərsi keçir. Bu dərs onun timsalında ruhun, iradənin gücünə, insanın məğlubedilməzliyinə inam dərsidir.