Qarabağ muğam məktəbi
Xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir.
Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq İntibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir. Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir.
Muğam zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapan bir musiqidir. Muğam ifaçısı isə elə bil qədim sehrkarlıq ayininin nəsillərdən-nəsillərə ötürücüsüdür. Bu zaman o, insanlara əbədi həqiqətlər haqqında düşünmək və mənəvi rahatlıq tapmaq imkanı yaradır. Xalqın mədəni-mənəvi irsinin ilkin kökləri yaradıcı başlanğıc kimi həmişə ən böyük sirr olaraq qalır. Heç bir nəzəriyyə bu yaradıcılığın ən incə çalarlarını belə, olduğu kimi çatdırmaq iqtidarında deyil. Yalnız muğam ifaçıları həmin sirri fəhmlə duyaraq öz ifaları ilə bu sənətə həyat verməyə qadirdirlər.
Azərbaycan klassik poeziyası parlaq fikir və obrazlarla zəngindir. Bu poeziyanın rəmzlərlə dolu dili, qəzəllərin konteksti yalnız Şərq fəlsəfəsini oxuyub dərindən mənimsəyənlərə agah olur.
Muğamlarda işlədilən qəzəllərin ecazkarlığını anlayıb duymaq qabiliyyəti muğam ifaçılarında hələ uşaq yaşlarında ikən formalaşır. Muğam ifaçılarının heç biri sizə ayrı-ayrı şairlərin nə qədər qəzəlini əzbər bildiklərini dəqiq söyləyə bilməzlər. Lakin müxtəlif mövzularla bağlı hər hansı bir fikri çatdırmaq zərurəti yarananda onlar yaddaşlarındakı qəzəl misralarını bədahətən ifa edirlər.
Muğam Azərbaycan bəstəkarlarının həmişə ilham mənbəyi olmuş və hər zaman da belə olaraq qalacaqdır. Klassik muğamlar əsasında yaradılan simfonik muğamlar Şərqdə də, Qərbdə də böyük uğur qazanmışdır. Muğam aləmi yaradıcılıq axtarışları və interpretasiyalar baxımından müasir bəstəkarlar üçün həqiqətən geniş imkanlar açır.
Azərbaycanda həm solo ifada, həm də instrumental muğamlar geniş yayılmışdır. İnstrumental muğam ifaçıları dəstəsi müxtəlif ola bilər. İnstrumental muğamın zirvəsi solo ifadır. Muğam oxuyanları Azərbaycanda ənənəvi olaraq xanəndə adlandırırlar. Milli alətlərdə xanəndənin ifasını müşayiət edən dəstənin tərkibi müxtəlif saylı olur: üçlükdən – tar, kamança, dəfdən tutmuş bütöv bir orkestrə qədər.
Azərbaycanda bir neçə tanınmış muğam ifaçılıq məktəbi var. Muğam bütün ölkədə yayılsa da, onun əsas ocaqları özlərinin müstəqil məktəblərini yaratmış muğam yaradıcılığı mərkəzləri kimi Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa sayılır. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır.
İfaçıların məhz Qarabağ torpağında dünyaya göz açması onların taleyini əvvəlcədən müəyyən etmişdir. Yaxşı səsi olan hər kəsin doğulması üçün Qarabağ – fərqi yoxdur, istər dağlıq olsun, istər aran – doğrudan da ideal bir yer idi. Çünki, bu yerlərin sakinləri imkan düşən kimi nəinki istənilən xalq mahnısını oxuyan, həm də musiqini qiymətləndirməyi bacaran, muğam ustalarını şərəflə yüksəldən insanlar idi.
Deyirlər, muğam insan qəlbinə zənginlik verir, onu ən saf, ən səmimi duyğular üstündə kökləyir. Qarabağda bu, insanla təbiət arasında qarşılıqlı şəkildə baş verir: qəlblərə gərək olan zənginliyi isə ilk öncə təbiət verir. Ona görə bu yerlərdə qəlblər bütünlüklə gözəlliyə, o cümlədən də musiqiyə son dərəcə həssasdır.
Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstərmişlər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapmışdır. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.
Qarabağ müğənnilərinin əksəriyyəti Şuşada doğulmuşdur. Şuşa mövzusu, alınmaz qala və mənəvi istehkam olan Şuşanın Azərbaycan mədəniyyətində müqəddəs məbəd obrazı onların bütün yaradıcılığından qızıl xətt kimi keçən əbədi leytmotivdir.
Şuşanın tarixi hər bir şuşalıya tək Qarabağa aid müxtəlif salnamələrdən deyil, həmçinin dünənin və bu günün ayrılmaz parçası olan “Qarabağnamə”lərdən - Qarabağın tarixi, musiqisi, ədəbiyyatı, memarlığı və mədəniyyətinə həsr olunmuş elmi işlər toplusundan məlumdur. Bu topluda tarixi həqiqətlər, dünənin və bu günün reallıqları bir-birini tamamlayaraq vahid ahəngdarlıq təşkil edir. Bu yerlərin qədim tarixi və əsrarəngiz təbiəti Qarabağı muğamın əsas mövzusuna çevirmişdir.
Şuşa dünyaya çox musiqiçi bəxş etmişdir. Onların bir qismi özünə Şuşalı təxəllüsü götürmüşlər. Bu isə Sergey Yeseninin məşhur “Şair deyilsə Şirazdan deyil, müğənni deyilsə Şuşadan deyil” ifadəsini xatırladır. Şuşa dünyaya o qədər ustad müğənnilər, bəstəkarlar və musiqişünaslar bəxş edib ki, onlar haqqında bilgilərdən ifaçılıq ustalığı üzrə xüsusi ensiklopediya yaratmaq olar.
Mədəniyyət beşiyi olan bu şəhərin abu-havası məşhur yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində öz əksini tapmışdır. Kitabda bu yerlərin gözəlliyindən, Azərbaycan xalqının qonaqpərvərliyindən, Qarabağ xanlığından, o dövrün tanınmış şairəsi Natəvandan və s. bəhs edilir.
Şuşanı haqlı olaraq həmişə Şərqin musiqi konservatoriyası adlandırıblar. Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəlirdilər. Lakin bu şəhər təkcə musiqiçiləri ilə şöhrət qazanmamışdır. Əsrarəngiz təbiət amili, saf, dupduru bulaqlar bu yerlərin şöhrətini daha da artırırdı. Bu diyarın ən məşhur bulağı olan İsa bulağını isə çoxları Şuşanın rəmzi hesab ediblər.
Sanki göylərə ucalan dağlar burada son dərəcə gözəl bir yaylanı dövrələmiş və öz akustikasına görə tayı-bərabəri olmayan açıq zal yaratmışdır. Musiqi səsləndirmək üçün bundan gözəl məkan təsəvvür etmək mümkün deyil. Dağların üzük qaşı kimi dövrəyə aldığı və Cıdır düzü adlanan bu yayla şöhrətli müğənnilər görmüş, onların səsini, avazını dinləmişdir. Dəcəl şuşalı uşaqlar əllərinə fürsət düşən kimi təbiətin bu möcüzəli guşəsində “şıltaqlıqlar” etməkdən çəkinməzdilər. Muğam ifaçılığının əlifbasını yenicə mənimsəyən uşaqların cingiltili səsləri hər gün müxtəlif aşırımlardan, zirvələrdən dalğa-dalğa Şuşanın üzərinə yayılar, sıldırım qayalarda, dərələrdə əks-səda verərək, beləcə birləşib vahid axarda qovuşardı. Bulaqların şırıltısı, yarpaqların pıçıltısı və quşların cəh-cəhi ilə müşayiət olunan belə görünməmiş polifoniyanı yalnız uşaq təxəyyülü yarada bilərdi.
Şuşa məhz muğam məclisləri ilə o qədər şöhrətlənmişdir ki, nəticədə musiqi mədəniyyəti baxımından Qafqazda nadir məkana çevrilmişdir. “Şuşada uşaqlar “Segah” üstə ağlayır, “Şahnaz” üstə gülürlər” və xalqın dilinə daxil olan digər bu kimi başqa məsəllər muğamın Azərbaycan xalqının həyatındakı əhəmiyyətli rolundan xəbər verir. Başqa cür ola da bilməzdi. Çünki burada dünyaya göz açanlar uşaq yaşlarından, inkişaf səviyyəsi və sosial vəziyyətlərindən asılı olmayaraq, istər-istəməz əbədi musiqi bayramının iştirakçısına çevrilirdilər.
Yazıçı Əbdürrəhim bəy Haqverdiyev deyirdi ki, XIX əsrin ikinci yarısında Bakıda, Şamaxıda, Aşqabadda, Tehranda və ya İstanbulda musiqiçilərlə rastlaşsanız, hökmən onların arasında şuşalı olduğunu görəcəksiniz.
XX əsrdə Qarabağ musiqi məktəbi dünyaya bir çox tanınmış musiqiçi bəxş etmişdir. Qarabağda keçirilən musiqi festivalları və müsabiqələri yeni istedadların üzə çıxması və inkişafına təkan vermiş və muğam sənətinin dünyada tanıdılmasına şərait yaratmışdır. Buna misal olaraq 1987-ci ildə Şuşada keçirilən “Xarı bülbül” ümumittifaq musiqi festivalını göstərmək olar. “Xarı bülbül” bu yerlərdə bitən nadir çiçəyin adıdır.
Təəssüflər olsun ki, Azərbaycana qarşı irəli sürülmüş ədalətsiz torpaq iddiaları nəticəsində başlayan münaqişə, Qarabağ və ətraf rayonların, o cümlədən Qarabağın mədəniyyət mərkəzi hesab olunan Şuşanın erməni işğalçıları tərəfindən zəbt olunması muğam sənətinin parlaq nümayəndələrini məcburi köçkünlərə çevirdi. Münaqişə burada əsrlər boyu yaradılmış mədəniyyət, tarixi və memarlıq abidələrinin dağıdılmasına səbəb oldu. Buna baxmayaraq, Qarabağ bülbülləri hələ də oxumağa davam edir. Lakin, bu gün onların ifasında qəm, qüssə və kədər hiss olunur.
Heydər Əliyev Fondunun “Qarabağ xanəndələri” layihəsində xalqımızın musiqi mədəniyyətinin inkişafında xüsusi rolu olan Qarabağ muğam məktəbinin 24 nümayəndəsinin səs yazıları dinləyicilərə təqdim edilir. Bu səs yazıları müxtəlif illərə məxsusdur.
Dünya qloballaşır. Bu qloballaşan aləmdə ildırım sürətilə dəyişikliklər baş verir. Biz hamımız birlikdə bundan sonrakı inkişafımızın əsaslarını yaratmalıyıq. Yeniliklər isə ənənə ilə sıx bağlı olmalıdır. Məhz ənənənin təsir qüvvəsinə əsaslanaraq, hər bir xalqın milli mədəniyyət arxetiplərini qorumaqla elə bir dünya yaratmalıyıq ki, orada həmin ənənələri qoruyub saxlamaq və yaşadıb inkişaf etdirmək mümkün olsun. UNESCO-nun şifahi və qeyri-maddi irsin qorunması üzrə Konvensiyası məhz həmin məqsədlərə xidmət edir.