Azərbaycan idmanının qədim ənənələri
Bu il biz Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 10 illiyini qeyd edirik. Komitə 1992-ci ildə, ölkəmizin müstəqillik qazandığı gündən üç ay sonra yaradılmışdır.
Olimpiya oyunları – bu heyrətamiz yaradıcılıq insan cəmiyyətinin mədəni, humanist minilliyə qədəm qoymasının ifadəsidir. İnsana xas olan mübarizlik ruhu, güc nümayişi, döyüşkənlik humanist formada özünü göstərməyə başladı. Oyunlar və yarışların müharibələri əvəz etməsi qədim Elladanın ən möhtəşəm nailiyyəti hesab olunmalıdır. Çünki, o dövrdə Olimpiadada, vicdanlı yarışda rəqibinə qalib gələn və iştirak etdiyi idman növündə görkəmli nailiyyətlər qazanan idmançı ölkəsinin ən hörmətli şəxsi, qəhrəmanı hesab olunurdu.
Bu da əlamətdardır ki, Olimpiya oyunları keçirilən zaman bütün hərbi münaqişələrə son qoyulurdu. Bu isə öz növbəsində ümumi sülhə tərəf addım idi.
1894-cü ildə Pyer de Kuberten müasir Olimpiya hərəkatının başlanğıcını qoyan Beynəlxalq Olimpiya Komitəsini yaratdı. İnsanların çoxdankı arzusu – bərabər döyüşdə qələbə çalmaq, müharibə ilə deyil hamı tərəfindən qəbul edilmiş qanunlar üzrə bitərəf hakimlər qarşısında yarışlarda öz məharətini sübut etdirmək arzusu həyata keçdi.
Birinci Müasir Olimpiya Oyunları 1896-cı ildə Afinada keçirildi. Bundan düz 100 il sonra Azərbaycan Atlantada keçirilən XXVI Olimpiya oyunlarında müstəqil dövlət kimi çıxış etdi (Azərbaycan idmançıları Olimpiya oyunlarında ilk dəfə 50 il bundan əvvəl SSRİ yığma komandası tərkibində çıxış etmişlər). Bundan sonra idmançılarımızın Avstraliyanın Sidney şəhərində keçirilən yay Olimpiya oyunlarında zəfərli çıxışları baş verdi. Onlar Vətənə iki qızıl və bir bürünc medal ilə qayıtdılar.
Olimpiya hərəkatının bu on ili ərzində Azərbaycanda artıq müstəqil dövlətin vətəndaşları olan çoxlu sayda yeni nəsil idmançıları hazırlanmış, ölkəmizdə müasir tələblərə cavab verən idman kompleksləri ucaldılmış, beynəlxalq turnirlər keçirilmişdir.
Azərbaycanda bədən tərbiyəsi və idmana bütün dövrlərdə böyük diqqətlə yanaşırdılar. Çünki, insanın cəmiyyətdəki mövqeyi at çapmaq, ox atmaq, qılınc oynatmaq, güləşmək məharətinə və eyni zamanda fiziki qüvvəsinə görə müəyyənləşirdi. Yaşlılar öz bacarıqlarını ov zamanı, hərbi yürüşlər zamanı və bayramlar münasibəti ilə müntəzəm keçirilən yarış və oyunlarda təkmilləşdirirdilər. Cıdır və dəvələrin yarışı xüsusilə məşhur idi.
Çövkən – zadəgan oyunu hesab edilirdi ki, onu da xüsusi atlar üzərində bunun üçün nəzərdə tutulmuş ayrıca meydanda keçirirdilər. Lakin çövkəni at sürməyi azacıq da olsa bacaran hər bir kəs istənilən meydançada oynayırdı. Yarışlarda Şah ailəsinin üzvləri də iştirak edirdilər. Meydanda özünü xarici qonaqlara göstərmək və onların hərbi hazırlığını sınamaq olardı. Uşaqlar çövkəni ot üzərində oynayırdılar.
Ox atma – yarışları da geniş yayılmışdı. Bunlardan ən mürəkkəbi at çaparaq oxu uzaq məsafədəki uzun şaquli taxtanın ucuna qoyulmuş kiçik həlqədən keçirmək üzrə yarış idi.
Azərbaycan milli yarışları arasında ən qədimi və ən çox seviləni güləşdir. Bu idman növünün xüsusiyyətlərini bir çox şərq güləş növlərində tapmaq mümkündür. Bayram şənliklərində tanınmış pəhləvan-güləşçilər arasında yarışların keçirilməsi ənənəsi bizim günlərə qədər gəlib çatmışdır. Bahadır-pəhləvanlar xalq arasında böyük hörmətə malik idilər. Pəhləvan adına layiq görülmək üçün fiziki hazırlığın yüksək mərhələsinə çatmaq lazım idi. Qədim dastanlarda bir-birinə qarşı vuruşan iki düşmən ordunun və ya dəstənin taleyini pəhləvanların görüşü həll edirdi. Azərbaycanın orta əsr pəhləvanlarının adlarını tarixi yazılar və şairlər bizə çatdırmışlar.
Belə hesab olunur ki, Şah İsmayılın dövründə xüsusi alətlər ilə çıxış edən pəhləvanların hazırlandığı “zorxana”lar yaradılmışdı. İdmançılar üçün meydança və tamaşaçıların əyləşməsi üçün amfiteatrı olan gümbəzli zorxana binaları bir növ idman sarayları idi. Hal-hazırda zorxana binaları Bakıda, Gəncədə və Ordubadda var. Milli Azərbaycan Tarixi Muzeyində zorxanada çıxış edən pəhləvanların idman alətləri saxlanılır.
İntellektual oyunlar da çox geniş yayılmışdı. Bunlar arasında xüsusən şahmat, nərd, dama və başqalarını qeyd etmək olar. Şahmat və dama oyununu adətən ənənəvi tərzdə və gözübağlı oynayırdılar. Gözübağlı oyun tərzi karvan səyahətləri zamanı təkmilləşmiş və uzun sürən vaxtı qısaltmağa kömək etmişdir.
Yarışların demək olar ki, hamısı musiqi sədaları ilə müşahidə olunurdu. Hətta şahmat oyunu zamanı ud alətində incə musiqi ifa edilirdi. Zorxanalarda güləş zamanı səslənən ənənəvi musiqidən başqa pəhləvanların şücaətindən bəhs edən mahnılar da ifa olunurdu.