UNESCO

UNESCO (UNESCO – United Nations Educational, Scientific and Cultural Organization) Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə ixtisaslaşmış qurumudur. BMT-yə üzv olan dövlətlər eyni zamanda UNESCO-nun da üzvü ola bilərlər.

UNESCO-nun mənzil qərargahı Fransanın paytaxtı Parisdə yerləşir.

UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək və bu yol ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

Azərbaycan Respublikası 1992-ci il iyulun 3-də UNESCO-ya üzv olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiridir. O, xalqımızın ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə, UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü il avqustun 13-də bu ada layiq görülüb.

UNESCO-nun Xoşməramlı səfirləri təşkilatın ideallarını, missiyasını öz nüfuzlarından və statuslarından istifadə edərək yayan və təbliğ edən şəxslərdir.