Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu elm və təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət uruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fond eyni zamanda uşaq və gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, onların hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil edir. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. |