Gimnastika idmanın populyar növlərindən biridir. Azərbaycanda bu idman növü XX əsrin 40-cı illərində inkişaf etməyə başlayıb. 1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası yaradılıb. Azərbaycan Gimnastika Federasiyasının tərkibində altı idman növü daxildir. Bunlar bədii gimnastika, qadın idman gimnastikası, kişi idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası və aerobika gimnastikasıdır. Azərbaycan Gimnastika Federasiyası ölkəmizdə idmanın bu növünü inkişaf etdirmək və təbliğ etməklə məşğuldur. Federasiya insanları bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edir, uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərir, idman veteranlarının qayğısına qalır. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevadır. Mehriban xanımın sayəsində bu idman növü öz inkişaf dövrünü yaşayır. Onun fəaliyyəti nəticəsində Azərbaycanda bədii gimnastika üzrə dünya və Avropa çempionatları keçirilmişdir. |