Azərbaycanın qızıl irsi

Azərbaycan təsviri sənətinin tarixi kökləri çox qədimdir. Qədim rəssamlar insan və ov etdikləri heyvan təsvirlərini yüksək bədii ustalıqla təsvir etmişlər. Onlar artıq o dövrdə mərasim rəqslərinin hərəkətlərini və ov zamanı təqib səhnələrinin dinamikasını təsvir etməyi bacarmışlar. Qobustanda olan bir çox qayaüstü rəsmlər sübut edir ki, rəssamlar mərasimlərin məzmunundan asılı olaraq qadağan olunmuş ecazkar obrazların abstrakt təsvirlərini verməyi öyrənmişlər.

Azərbaycanın ərazisində (Manna dövləti, e.ə. IX-VII əsrlər) öz gözəlliyi və işləmə texnikası ilə insanı heyran edən və üzərində Allahlara qurbankəsmə səhnələri, ölkə başçıları, musiqiçilər və başqalarının təsvirləri olan nadir qablar tapılmışdır. Tanınmış rus sənətşünası Lukonin hesab edir ki, qonşu ölkələrin incəsənətinin mənbəyini Manna dövlətinin ərazisində axtarmaq lazımdır. O yazır: “Bu ərazinin incəsənəti həm skiflərin incəsənətinin, həm midiyalıların incəsənətinin, həm farsların incəsənətinin formalaşması üçün əsas olmuşdur. Zaviye abidələri ilə təqdim olunan bu dövr xüsusilə maraqlıdır. Çünki, bir tərəfdən, bu abidələrdə biz yaxın zamanlarda tapılmış sivilizasiyanın son inkişaf mərhələsini müşahidə edirik, o biri tərəfdən isə onlar Skif incəsənətinin başlanğıc mərhələsi və Fars incəsənətinin ilk abidələri ilə bilavasitə bağlıdırlar”.

Orta əsrlərdə kitab incəsənətinin inkişafı ilə əlaqədar Azərbaycan müsəlman Şərqində kitab miniatürünün inkişafında əsas mərkəzlərdən biri olur. Yaxın və Orta Şərqdə ilk, ən erkən miniatürlər Azərbaycan şəhərlərindən Xoy, Marağa, və Təbrizdə Azərbaycan Atabəyləri (Eldəgizlər) dövründə – XIV əsrin sonu və XV əsrin əvvəllərində yaradılmışdır. Bir qədər sonra Azərbaycan dövlətləri –Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin bədii emalatxanalarında dünya bədii mədəniyyəti xəzinəsini zənginləşdirmiş özünəməxsus və orijinal kitab miniatür məktəbləri yaranır. Alman alimi F. Şults XIV-XV əsr Azərbaycan (Təbriz) miniatür məktəbini Şərqin bir çox bədii məktəblərinin ALMA-MATERi adlandırmışdır.

İlk mərhələdə Azərbaycan miniatürü Mesopotamiya və Türk-Uyğur incəsənətinin təsiri altında inkişaf edirdi. Lakin, artıq XVII əsrin əvvəllərində və daha sonra Avropa rəssamlığının təsiri təkcə miniatür yaradıcılığında deyil, təsviri incəsənətin başqa növlərində də aydın gözə çarpır. XIX əsrin əvvəlləri və Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra bu proses öz ifadəsini saray və binaların divar naxışlarında və təzəcə yaranan dəzgah rəssamlığında tapır. Təbriz, İrəvan, Şuşa, Şəki, Xoy şəhərlərindəki saray və fərdi yaşayış evləri yeni üslubda naxışlanır. İranda və Azərbaycanda (İrəvani, Qarabaği, Allahverdi Əfşar, Mir Əli, Məhəmməd Həsən Əfşar və bir çox başqaları) Azərbaycan zadəganlarının gözəl portretləri yaradılır. Avropa-rus məktəbi rəssamlarının ilk nümayəndələri (İbrahim Səfi, Bəhruz Kəngərli, Əzim Əzimzadə və başqaları) yaradıcılıq yoluna qədəm qoyurlar.

1920-ci ildən başlayaraq ölkədə Azərbaycan üçün yeni peşəkar bədii təhsil sistemi formalaşmağa başlayır. Yeni Azərbaycan rəssamlıq məktəbi yaranır. Sosialist realizmindən avanqarda kimi çətin inkişaf yolu keçmiş və özündə Şərqin və Qərbin ənənələrini birləşdirmiş bu məktəb yeni minilliyin əvvəlində kamillik səviyyəsinə çataraq özündə parlaq bədii fenomeni təcəssüm etdirir. Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Cavad Mircavadov, Əşrəf Muradoğlu, Tofiq Cavadov, Qorxmaz Əfəndiyev, Müslüm Abbasov, Kamal Əhməd, Altay Sadıqzadə, Qəyyur Yunus və bir çox başqalarının adları Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda məşhurdur.