Rəşid adlı bir möcüzə
Rəşid Behbudov yaradıcılığından bəhs edərkən “ilk dəfə” ifadəsi tez-tez səslənib. Məhz Rəşid ilk dəfə olaraq ekranda bənzərsiz Əsgər və operada Balaş obrazlarını yaradıb. Məhz Rəşid bir çox mahnının ilk və təkrarolunmaz ifaçısı olub. Məhz Rəşid ilk dəfə Mahnı Teatrı adlı ecazkar bir dünya yaradıb. Məhz Rəşid ilk dəfə olaraq Azərbaycan nəğməsi ilə, demək olar ki, bütün dünyanı dolanıb, Yer kürəsinin hər bir nöqtəsində doğma Azərbaycanı tərənnüm edib.
Bütöv bir dünya idi Rəşidin özü də, sözü də. Hər birimiz özümüzü Rəşid adlı bir dünyanın ayrılmaz parçası hiss edərək çox gözəl başa düşürük ki, Rəşid nəğməsi, Rəşid səsi, Rəşid avazı hələ uzun illər bizim daxilimizdə yaşayacaqdır. Rəşid möcüzəsi dedikdə biz Rəşidin özünün və sənətinin bu bənzərsizliyinə işarə edərək heç vaxt dəqiq təhlilə yatmayan bir çox problemləri sözün gücü ilə açıqlamaq istəyirik. Gözəl başa düşürük ki, əslində, Rəşid yaradıcılığı, Rəşid sənəti həyatımızın elə ayrılmaz hissəsi olub ki, bu deyilən söz bizim özümüzün haqqındadır.
Qəribə musiqi duyumu var idi Rəşid Behbudovun. Onun nəğməsində, onun yaradıcılığında dövrün mühiti ilə ecazkar bir həmahənglik duyulurdu. Azərbaycan musiqi tarixində Rəşid bizim özümüzü də, bizim bədii zövqümüzü də dəyişdirməyə qadir olan bir sənətkar kimi qalacaqdır. XX əsrdə Azərbaycan musiqisində baş verən dəyişikliklərin səbəblərini Rəşid möcüzəsində axtarıb tapmaq olar. Müasir dünyanın bütün ritmlərini, daxili melodiyalarını böyük həssaslıqla duyan Rəşid Behbudov özünə xas olan dərin zövqü, coşğun ehtiras və hərarətli yeni melodiyalar, yeni ab-hava, yeni musiqi mənzərəsi formalaşdırırdı. Rəşid Behbudovun sənət aləmində gerçəkləşdirdiyi bir inqilab, sözsüz ki, Azərbaycan musiqi sənətinə xas olan milli muğam ənənələrinin üzərində qurulmuşdu. O, bizim keçmişimizi öz daxilində əridərək, sənət süzgəcindən keçirə-keçirə Azərbaycan mahnısına yeni bir həyat verdi. Böyük bir ustad kimi o, dünənimizi, bu günümüzü və sabahımızı öz yaradıcılığında bir vəhdət halında, bütöv bir şəkildə birləşdirməyə qadir oldu. Dərin ustalıq tələb edən bu heyrətamiz dəyişikliklər onun nə dərəcədə böyük ustad olduğunun kiçik bir sübutudur. O, bu gün də hamımızın ustadıdır. Onun fəth etdiyi zirvələr bu gün də bizim üçün gözqamaşdırıcı üfüqlər açır.
Rəşidin öz üslubu, öz sözü var idi sənətdə. Belə bir üslubun formalaşması ilk növbədə Rəşid şəxsiyyəti ilə bağlı idi. Hansı musiqişünası dindirsəniz, deyəcək ki, müğənnilərin ifa üslubunu məhz bəstəkarlar formalaşdırır. Rəşid səsi, Rəşid ifa tərzi isə əksinə, bir çox bəstəkarların yaradıcılığına böyük təsir göstərərək yeni bir üslubun formalaşmasına təkan verdi.
Səhnədə Rəşidi dinləməyə başlayan zaman insanda ancaq bir fikir yaranırdı ki, bu nəğmənin varsa-yoxsa bir müəllifi vardır – o da Rəşid Behbudov özüdür. Əbəs yerə deyil ki, Tofiq Quliyev Rəşidi ifa etdiyi bütün əsərlərinin həmmüəllifi adlandırırdı. Rəşidin ürəyindən gələn, bizim ruhumuzu oxşayan, bizi pərvazlandırıb az qala uçmağa vadar edən, səsin sehrinə bürünüb gələn bu sözlər, bu cazibədar musiqi elə bil Rəşidin beynində, içində, qəlbində yaranıb bizə çatdırılır. Rəşid möcüzələrinin, Rəşid uğurlarının, Rəşid ölməzliyinin bir sirri də məhz budur.
Ovsun dolu səsiylə Rəşid elə bir möcüzədir ki, sadəcə adını çəkməklə gözlər önündə bütöv bir dünya canlanır. Həm də elə bir dünya ki, hər təzə gələn nəsil onu yeni bir tərzdə qavrayır. Yaşamağı ondandı ki, dünyanı qurtaracaq ruhuyla gözəl idi Rəşid və bir də ona görə ki, bənzərsiz idi, bir daha təkrarı olmayacaqdı onun.
Rəşid Behbudovun sənət dünyasında Şərqlə Qərb, Asiya ilə Avropa, gündoğanla günbatan bir-birinə qovuşur.
Dünya şöhrətini qazandıqdan sonra da o, Rəşid olaraq qaldı. O, yenə də həmin “arşın malçı” Əsgər, “talesiz” Balaş, könül açan, qəlb oxşayan o şirin və məlahətli səsiylə doğma Qarabağı, doğma Azərbaycanı tərənnüm edən dahi müğənni, sadə insan, əsl vətəndaş olaraq qaldı. Elə Qarabağ dərdi də onun incə sənətkar qəlbini qırdı. Qarabağ dərdi ilə Rəşid köç etdi bu dünyadan.
Şirin ana laylasından dilimizin ətri gəlir. Beşikdəykən uşaqlıq dünyamız anamızın ətrinə bürünən layla və nazlamalarla dolu bir dildə yaranır. Bizim hamımızı öz qoynuna alan böyük Azərbaycan dünyası da elə bil bütövlükdə Rəşid səsi, Rəşid avazı, Rəşid nəğməsi ilə bizi böyüdüb boya-başa çatdırıb. Bu dünya durduqca Rəşid möcüzəsi də yaşayacaqdır.