Mənəvi irsimiz
Azərbaycan xalqının klassik mədəni irsi cəmiyyətin mənəvi və sosial həyatına daxil olmuş dini-fəlsəfi təlim – sufizm ilə qırılmaz tellərlə bağlı olmuşdur.Azərbaycanda islamaqədərki dövrün zəngin mədəni ənənələrinin saxlanılması və yenidən dərkində sufizm müstəsna rol oynamışdır.
Sufizmlə bağlı yaranmış fəlsəfi, etik və estetik normalar müəyyən bir həyat tərzini şərtləndirərək, Azərbaycan xalqının mədəniyyət və incəsənətinə elə dərindən nüfuz etmişdir ki, onları öyrənmədən o dövrün fəlsəfəsini, poeziyasını, musiqisini və incəsənətini daha dərindən dərk etmək çətindir.
Sufilər belə hesab edirdilər ki, insanın ən yüksək həyat amalı şəxsiyyətin mənəviləşməsi və kamilləşməsidir. Ancaq kamil bir şəxsiyyət Allaha olan mistik məhəbbət vasitəsilə müəyyən bir əhval-ruhiyyədə ona yaxınlaşmaq və onunla qovuşmaq iqtidarındadır. Bu vəziyyətə çatmaqda musiqi, poeziya və rəqs sufilərə yardımçı idi. Belə ki, sufi ordenlərində təşəkkül tapmış mərasimlər həyata keçirilir, sufi xanəgahlarında yaşayan sufi-dərvişlər hər bahar səyahətə çıxır və bu təlimi təbliğ edirdilər. Səyyah sufi-dərvişlər xalq arasında o qədər populyar idilər ki, xalq nağıl və dastanlanlarının qəhrəmanlarına çevrilir, onların təsviri miniatürlərdə, xalçalarda və s. həkk olunurdu.
Azərbaycan torpağında Şərqin məşhur sufi alimləri – ulu şeyxlər Səfiəddin İshak Ərdəbili, Əbuhəfs Ömər əs-Sührəverdi və Sədrəddin əl-Xalvati yaşayıb yaratmışlar. Dünyada tanınmış Səfəviyyə, Sührəverdiyyə, Xəlvətiyyə ordenlərini məhz onlar yaratmışdılar.
Azərbaycan sufi aləmində böyük nüfuza malik Baba Kuhi Bakuvi, Əyn əl-Kuzat, Şeyx Zahid Lənkərani, Mahmud Şəbustari, Abu Nəcib əs-Sührəverdi, Şihabaddin Əbulfatih Sührəverdi, Fəzlullah Təbrizi, Şibli və başqalarının vətənidir.
Nizami, Məhsəti Gəncəvi, Həqiqi, Nəsimi, Xətai, Füzuli, Mirzə Şəfi Vazeh kimi dahi Azərbaycan şairlərinin yaradacılığı da sufizm ideyaları ilə hopdurulmuşdur. Sufizmin təsirindən XIX-XX əsrlərin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan şair və yazıçıları da yan keçməmişlər. XX əsrin əvvəllərində yaranmış romantizm ədəbi məktəbinin banisi Hüseyn Cavid, Məhəmməd Hadi və başqalarının əsərlərindəki güclü və təsirli romantik obrazlar sufi idealları özlərində daşıyan qəhrəmanlardır.
Musiqi sənətinin və musiqi ənənələrinin inkişafı və hifz olunmasında da sufilər böyük rol oynamışlar. Sufi məclislərində musiqi daim səslənir, mərasim rəqsləri ifa olunurdu. Bu məclislərdə qadınlar da iştirak edir, şerlər söyləyir, oxuyur və rəqs edirdilər.