Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bəylər” məscidində bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olublar

Dekabrın 24-də İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə məsciddə yaradılan “Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar.

“Bəylər” məscidi 1895-ci ildə inşa olunub. İçərişəhər ərazisində inşa olunan bu sonuncu məscid zalın böyüklüyünə və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunub. Mükəmməl görünüşlü minarənin yuxarı hissəsi Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədilib. Məscidin zalında və mehrabında mükəmməl bədii daşyonma sənəti nümunələrindən məharətlə istifadə edilib. Memarlıq abidəsi qədim məscidin yerində tikilib.

“Bəylər” məscidində bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb.

Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran, eləcə də burada nümayiş etdirilən Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib.