Prezident İlham Əliyev və ailə üzvləri ADA Universitetində keçirilən məzun günündə iştirak ediblər

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev dövlətimizin başçısına bu təhsil ocağının fəaliyyətinin genişləndirilməsi layihəsi ilə bağlı məlumat verib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır.

Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başlayıb.

ADA Universitetində tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanların təşkil etməsi burada beynəlmiləl mühitin yaradılmasına böyük töhfə verir. Tələbələr bu təhsil ocağında müasir tələbə şəhərciyi mühitindən, fəal və maraqlı tələbə həyatından, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlərdən və dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar.

Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətirdilər.

Burada 41 ölkədən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələri fəaliyyət göstərir. ADA-da tələbələr bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi üzrə isə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə olunması, MBA, təhsil menecmenti ixtisasları üzrə təhsil alırlar.

Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirdi.

Dövlət himni səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev məzun günündə çıxış edib.

Onu da deyək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təhsil ocağında builki məzun gününün mövzusu “100 ilin təfəkkürü, maarifi və dəyərləri”dir.

Tədbirdə ADA məzunlarına həsr olunan videoçarx nümayiş olunub.

Sonra ADA Universitetinin məzunu, biznes fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev, universitetin tədris işləri üzrə prorektoru Vəfa Kazdal və universitetin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tədbirdə çıxış ediblər.

Sonra diplomların təqdim edilməsi mərasimi başlayıb.

Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb. Bu il ilk məzunlarını buraxan ixtisaslar isə bakalavr pilləsi üzrə dövlət və ictimai münasibətlər, iqtisadiyyat, informasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, magistr pilləsində isə təhsil üzrə menecment fakültələridir.