Amerika Birləşmiş Ştatlarına səfər

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfər edib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edib. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılıb.

“Gələcəyi birlikdə qurmaq” adlı ziyafət

Sentyabrın 23-də Nyu-Yorkda ABŞ-ın birinci xanımı Melaniya Trampın adından “Gələcəyi birlikdə qurmaq” adlı ziyafət verilib.

Mehriban Əliyeva tədbirdə iştirak edib.

BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiya

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub.

Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.

22-27 sentyabr 2025-ci il