Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısına məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.

Sonra Prezident İlham Əliyev əlil və şəhid ailələrinin üzvləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Ümumilikdə, 136 vətəndaşa “Khazar LX” avtomobili verilib. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən müharibəsi və Çernobıl əlilləridir. “Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.