Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış olublar.

Xüsusi detallarla bəzədilən, klassik üslublu Paris evlərinin məhəllələrində abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri aparılıb. Burada sakinlərin rahatlığı və dolğun istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü avtodayanacaq yaradılıb. Məhəllələrin təhlükəsizliyi də sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV artıq sakinlərin istifadəsinə verilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə də tanış olublar. “Sahil 14” və “SETA” MTK yaşayış kompleksləri arasındakı bu xudmani yaşıllıq məkanı kvartalın bənzərsiz memarlıq üslubunu üzvi şəkildə tamamlayır. Avtonəqliyyat vasitələrindən azad ərazi sakinlərin rahatlığı və istirahəti üçün işıqlandırma sistemi, velosiped dayanacaqları, küçə mebelləri ilə təmin olunub, buradakı yaşıllıqlar göz oxşayır.

Sonra dövlətimizin başçısı və xanımı “Bakı Ağ Şəhər” ərazisində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxıblar.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı burada ağac əkiblər.

Sonda xatirə şəkli çəkdirilib.