İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüş

Martın 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İran İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.

İran İslam Respublikasının nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirən Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin tarixən dostluğa və qardaşlığa əsaslandığını qeyd edib, bu əlaqələrin bir çox sahələri, o cümlədən siyasi və mədəniyyət sahələrini əhatə etdiyini vurğulayıb. Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini bildirib. “Son illər Azərbaycan ilə İran həm ölkələrimiz, həm də region üçün vacib olan birgə layihələr həyata keçirirlər”, - deyən Mehriban Əliyeva nəqliyyat sahəsindəki əlaqələri xüsusi qeyd edib və bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində iki ölkə arasında Rəşt-Astara dəmir yolu ilə bağlı imzalanacaq layihənin həm Azərbaycana, həm də İrana fayda verəcəyini bildirib.

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ölkəmizə səfərindən məmnunluğunu bildirib, Azərbaycan ilə İran arasında münasibətlərin, bütün sahələrdə qurulan əlaqələrin güclənməkdə olduğunu deyib və bu əlaqələrin iki xalqın rifahına xidmət etdiyini vurğulayıb. Qonaq iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən danışaraq xüsusilə nəqliyyat sahəsində böyük layihələrin həyata keçirildiyini qeyd edib. Bildirib ki, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi böyük önəm daşıyır. Ailə və qadın məsələləri sahəsində də əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırıb. Məsumə İbtikar Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai və sosial sahədə həyata keçirdiyi layihələri qeyd edərək, bu layihələrin uğurla icra olunduğunu vurğulayıb.