Pirallahı rayonunda yeni körpü istifadəyə verilib

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendə baxıblar.

Dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarırdı. Bunun qarşısını almaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Pirallahı körpüsünə girişdə yanaşma yolunun uzunluğu 1,1 kilometrdir. Yolun köhnə eni 7 metr olub, yenidənqurmadan sonra 25 metrə çatdırılıb. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 16 metrdir. Pirallahı körpüsündən çıxışda yanaşma yolunun uzunluğu isə 850 metrdir. Bu yolun eni 15, hərəkət hissəsinin eni isə 12 metrdir.

Sonda xatirə şəkli çəkdirilib.