Fransaya səfər
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərliyi altında deputatlardan ibarət nümayəndə heyəti 2013-cü il mayın 20-23-də Fransada səfərdə olub.
Versal sarayının və muzeyinin direktoru Katrin Peqar ilə görüş
Mayın 20-də Mehriban Əliyeva Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Versal sarayının və muzeyinin direktoru xanım Katrin Peqar ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Versal sarayı arasında gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Yaxın gələcəkdə Azərbaycanın Versalda mədəniyyət baxımından təqdimatı, Bakıda isə Versal muzeyinə aid eksponatlardan ibarət sərginin keçirilməsi barədə razılıq əldə edildi.
Fransa Milli Assambleyasının sədri Klod Bartolone ilə görüş
Mayın 21-də Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Klod Bartolone ilə görüşüb.
Klod Bartolone Mehriban Əliyeva ilə görüşdən məmnun olduğunu, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayacağını bildirdi. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Klod Bartolone Bakıda Fransız liseyinin tikilməsində Mehriban Əliyevanın xidmətlərini vurğuladı.
Mehriban Əliyeva ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu, əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyini bildirdi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və onun nəticələri barədə danışdı.
Fransada ölkəmizlə bağlı mədəniyyət tədbirlərinin keçirildiyini xatırladan Mehriban Əliyeva Heydər Əliyev Fondunun bu layihələri davam etdirdiyini bildirdi.
Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüş
Mayın 21-də Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Milli Assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüşüb.
Görüşdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, o cümlədən işçi qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Həmin gün Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan tərəfindən Fransa heyətinin şərəfinə şam yeməyi verildi.
Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri Elizabet Qiqu ilə görüş
Mayın 22-də Mehriban Əliyeva Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşüb.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən Elizabet Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğuladı.
Mehriban Əliyeva ölkəmizin xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdiyini diqqətə çəkdi, ölkəmizin bu təşkilatın “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak etdiyini bildirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.
Fransa Milli Assambleyasının Avropa məsələləri komissiyasının sədri Daniel Orua ilə görüş
Mayın 23-də Mehriban Əliyeva Fransa Milli Assambleyanın Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə işçi nahar
Mayın 23-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon tərəfindən Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə işçi nahar verilib.
Fransa Senatının sədri Jan-Piyer Bel ilə görüş
Mayın 23-də Mehriban Əliyeva Fransa Senatının sədri Jan-Piyer Bel ilə görüşüb.
Jan-Piyer Bel Mehriban Əliyevanın Fransa-Azərbaycan münasibətlərinin inkişafındakı müstəsna rolunu qeyd etdi. Onu Fransanın həqiqi dostu adlandıran Jan-Piyer Bel Fransa mədəniyyətinin Azərbaycandakı təbliğinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Mehriban Əliyeva Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn səylərini yüksək qiymətləndirdi.
Parlamentlərarası əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayan Mehriban Əliyeva Fransa Senatında ölkəmizin dostlarının sayının artacağına inandığını qeyd etdi.
Fransanın Frankafoniya məsələləri üzrə naziri Yamina Benqiqi ilə görüş
Mayın 23-də Mehriban Əliyeva Fransanın Frankafoniya məsələləri üzrə naziri, Fransa prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi xanım Yamina Benqiqi ilə görüşüb.
Yamina Benqiqi Fransa hakimiyyətinin Mehriban Əliyevanı ölkənin dostu kimi tanıdığını, onun Azərbaycan mədəniyyətinin dünyada və Fransada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirləri alqışladığını bildirdi.
Mehriban Əliyeva Fransanın Azərbaycan üçün önəmli tərəfdaş olduğunu, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğuladı, Azərbaycanın Fransada tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələrin bundan sonra da davam etdiriləcəyini bildirdi, Bakıda fransız liseyinin tikilməsi ilə bağlı layihənin uğurla başa çatdırılacağına əminliyini ifadə etdi.
Sonda Yamina Benqiqinin adından Mehriban Əliyevanın şərəfinə şam yeməyi verildi.
20-23 may 2013-cü il


































