Fransaya səfər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-cü il iyulun 18-19-da Fransada səfərdə olub.

Parisdə Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə mərasim

İyulun 18-də Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə Parisdə qurumun baş qərargahında mərasim keçirilib.

UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş direktoru İrina Bokova mərasimdə iştirak ediblər.

Əvvəlcə Mehriban Əliyeva təşkilatın baş direktoru İrina Bokova ilə görüşdü. Görüşdə Azərbaycan ilə UNESCO arasında 20 il ərzində çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırıldı. Bildirildi ki, bu münasibətlər bundan sonra da inkişaf edəcəkdir.

Görüşdə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökümətlərarası komitəsinin cari ilin dekabr ayında Bakıda keçiriləcək iclası barədə müzakirələr aparıldı.

Görüşdən sonra Azərbaycan Höküməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalandı. Azərbaycan tərəfdən sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktor İrina Bokova imzaladılar.

Sonra Azərbaycan ərazisində tapılan daş abidələrin fotostendi ilə tanışlıq oldu.

Daha sonra Mehriban Əliyeva və baş direktor İrina Bokova ölkəmizin bu mötəbər təşkilata üzv olmasının 20 illiyi münasibəti ilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin UNESCO-ya təqdim olunması mərasimində iştirak etdilər.

UNESCO-nun baş qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənəcəkdir. Bu heykəllər 12-13-cü əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılmışdır.

Tədbir iştirakçılarına Azərbaycanda tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylandı.

Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokova mərasimdə çıxış etdilər.

Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ilə görüş

İyulun 19-da Mehriban Əliyeva Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ilə görüşüb.

Görüşdə 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məsələlər müzakirə edildi. Valeri Firneyron ölkəsinin bu oyunların təşkil olunmasında öz təcrübəsini bölüşməyə hazır olduğunu dedi, Fransa şirkətlərinin oyunlara hazırlıq prosesində iştirakında maraqlı olduğunu bildirdi.

Mehriban Əliyeva oyunlara hazırlıq işlərinin fəal şəkildə aparıldığını, qarşıda duran məsələlərin həlli istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırdı. O, idman ölkəsi kimi tanınan Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirəcəyini, Oyunları yüksək səviyyədə keçirəcəyini söylədi. Mehriban Əliyeva oyunlara hazırlıq prosesində Fransa şirkətləri ilə birgə əməkdaşlıq təklifini müsbət qiymətləndirdi.

Görüşdə Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə etmək üçün sentyabr ayında Bakıda Fransanın İdman, Gənclər, Xalq təhsili və İctimai məsələlər üzrə Nazirliyinin, Fransanın Olimpiya Komitəsi və Fransa şirkətlərinin iştirakı ilə birgə seminarın keçirilməsi barədə razılığa gəlindi.

Sonda işçi nahar verildi.

18-19 iyul 2013-cü il