Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərspace-1” peykinin orbitə buraxılma prosesini izləyiblər
08.02.2013Fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılıb. Bu münasibətlə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatılıblar.
Dövlət başçısı “Azərkosmos” ASC-nin yeni inzibati binasının açılışını etdi.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərspace-1” peykinin orbitə buraxılması prosesini izlədilər. Bakı vaxtilə saat 01.36-da Azərbaycan Respublikasının ilk peyki - “Azərspace-1” Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxıldı.
“Azərspace-1” peyki kosmodromdan qalxdıqdan 33 dəqiqə sonra raketin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peyki - “Azərspace-1”in uğurla orbitə buraxılması münasibətilə xalqımızı təbrik etdi.
Sonda xatirə şəkli çəkdirildi.


































