Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Moskvada Qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak ediblər

Mayın 9-da Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.

Dövlət başçısını və xanımını Kremldə Rusiya Prezidenti Vladimir Putin qarşılayıb.

Paraddan əvvəl Vladimir Putin çıxış edərək Qələbənin 70 illiyi münasibətilə keçirilən tədbirin iştirakçılarına təbrik ünvanlayıb.

Sonra hərbi parad keçirilib. Parada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da qatılıb.

Paradı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, müharibə veteranları izləyiblər. Qırmzı Meydanda keçirilən hərbi paradda 16 mindən artıq hərbi qulluqçu, müxtəlif hərbi texnika, təyyarə və helikopterlər iştirak edib.

Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil qoyulub.

Qonaqlar Kremlin önündə xatirə şəkli çəkdiriblər.