Çinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfər edib.
Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşılayıblar.
Dövlət və hökumət başçılarının və xanımlarının şərəfinə ziyafət
Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdirdilər.
“ŞƏT plyus” formatında görüşə qatılan dövlət və hökumət başçılarının xanımları ilə birlikdə gəmi gəzintisi
Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad
Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət
Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
30 avqust - 3 sentyabr 2025-ci il