Çinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına səfər edib.
Pekin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar.
Pekində rəsmi qarşılanma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Böyük Xalq Sarayı ilə tanışlıq
Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.
Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.
Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
22-24 aprel 2025-ci il