Bolqarıstana səfər

2016-cı il sentyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanda səfərdə olub.

“Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı

Sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub.

Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyevanı və Leyla Əliyevanı Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlcə burada xatirə lövhəsinin açılışı olub.

Veliko Tırnovo şəhərinin meri Daniel Panov Mehriban Əliyevaya, Leyla Əliyevaya və Bolqarıstanın Baş nazirinə xatirə hədiyyələri təqdim edib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra mərasim iştirakçıları qoruğun ərazisində yaradılan Mədəni İrs Mərkəzi ilə tanış olublar.

Sonra Heydər Əliyev Fondunun “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası layihəsinə həsr olunan, Azərbaycan və bolqar dillərində buraxılan poçt markaları təqdim edilib.

Təqdimat mərasimindən sonra poçt markalarının xatirə nüsxələrinin imzalanması mərasimi keçirilib.

Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru

Sentyabrın 22-də Bolqarıstanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib.

Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru mantiyası və diplomu təqdim olunub.

Mehriban Əliyeva bu nüfuzlu ali təhsil ocağının Fəxri Qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Sentyabrın 22-də Mehriban Əliyeva və Leyla Əliyeva Veliko Tırnovo şəhərində Bolqarıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə keçirilən işıq şousuna baxıblar. Xüsusi işıq effektləri ilə yaradılan şou atəşfəşanlıqla başa çatıb.

Həmin gün Bolqarıstanın Baş naziri Boyko Borisovun adından Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.

22 sentyabr 2016-cı il