Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı
03.09.20152015-ci il sentyabrın 3-də Parisdə Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Hörmətli cənab mer.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar, əziz dostlar.
Gözəl Parisin mərkəzlərindən biri olan və dünya şöhrətli Luvr muzeyinin yanında yerləşən Pale Royal meydanında “Azərbaycan şəhərciyi”nin açılışında sizi səmimi qəlbdən salamlayıram və hər birinizi görməyə çox şadam.
Sentyabrın 9-dək bu meydan Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini, musiqisini, mətbəxini, ənənələrini, keçmişini və bu gününü əks etdirən bir məkana çevriləcək. Həm Parisin sakinləri, həm də paytaxtınızın çoxsaylı qonaqları, turistlər Azərbaycan haqqında burada dolğun məlumat ala bilər.
Mən ilk növbədə, bu şəhərciyin hazırlanmasında və yaradılmasında əməyi olan hər bir şəxsə, xüsusən də Parisin 1-ci rayonunun meri Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
Qeyd etmək istəyirəm ki, biz son illər təkcə Parisdə yox, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərini keçiririk. Bu tədbirlər hər bir şəhərdə, hər bir regionda böyük maraqla qarşılanır. Mən bizə göstərilən bu dəstəyə görə Fransanın həm dövlət qurumlarına, həm də insanlarına dərin minnətdarlığımı bildirirəm.
Hörmətli qonaqlar.
Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük önəm verir. Çox sevindirici haldır ki, son illər bu münasibətlər qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz bütün sahələrdə uğurlu əməkdaşlıq qurub, siyasi əməkdaşlıq ən yüksək səviyyədədir, iqtisadi əməkdaşlıq genişlənir, Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Biz bir çox sahələrdə - şəhərsalma, nəqliyyat, kosmik sənaye, yüksək texnologiyalar, şərabçılıq, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıq genişlənir.
Şübhəsiz ki, xalqların, insanların bir-birinə yaxın olmasında humanitar sahə çox böyük əhəmiyyət daşıyır. Fransa-Azərbaycan münasibətləri bu sahədə son illərdə tamamilə yeni bir səviyyəyə qaldırılıb. Mütəmadi şəkildə Azərbaycanın mədəniyyət günləri, mədəniyyət həftələri təkcə Parisdə yox, Fransanın regionlarında, şəhərlərində keçirilir. Misal üçün, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi Fransanın 20-dən çox şəhərində uğurla keçirilib. Bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi və ədəbiyyatı tədris olunur. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyəti Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir.Bakıda Fransız Liseyi açılıb, fəaliyyət göstərir və bu ilin aprel ayında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanıb. Artıq ölkələrimizdə bu layihənin reallaşması üçün işçi qrupları yaradılıb və bu, o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanda Fransız Universiteti fəaliyyətə başlayacaq.
Artıq üç ildir ki, Kann şəhərində Azərbaycanın Mədəniyyət Günləri keçirilir və bu, artıq gözəl bir ənənəyə çevrilib. “Azərbaycan şəhərciyi”nin yaradılması da artıq bir ənənəyə çevrilib. Çünki ötən il biz Parisin 6-cı rayonunda yerləşən San Sülpis meydanında belə bir şəhərcik yaratmışdıq və bu, böyük maraqla qarşılanmışdı. Bu il isə Parisin 1-ci rayonunda belə şəhərcik öz qapılarını açır. Bütün bu layihələrin məqsədi xalqlarımızı bir-birinə yaxın etmək, dostluq münasibətlərimizi gücləndirmək, Azərbaycan haqqında həqiqətləri Fransa ictimaiyyətinə çatdırmaqdır.
Mən burada Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti cənab Manseli və üzvlərini səmimi qəlbdən salamlayıram. Sizin fəaliyyətinizi Azərbaycanda çox yüksək qiymətləndirirlər. Mən çox şadam ki, bu assosiasiyanın üzvlərinin sayı ildən-ilə artmaqdadır. Əlbəttə, Fransada Azərbaycana maraqla, hörmətlə yanaşan insanların da sayı artmaqdadır.
Əziz dostlar, ümidvaram ki, burada, bu kiçik məkanda siz Azərbaycanın mühitini hiss edəcəksiniz. Fürsətdən istifadə edərək sizin hər birinizi Azərbaycana səfərə dəvət edirəm. Şəhərciyin yaradılmasında bizə yardım edən hər kəsə bir daha dərin minnətdarlığımı bildirir, sizə xoş axşam arzulayıram. Çox sağ olun.