Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub
03.09.2015Sentyabrın 3-də Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
“Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bildirib ki, Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırır. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən mer bu cür tədbirlərin ölkələrimiz arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını söyləyib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Mehriban Əliyevanı Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu cür yüksək səviyyəli tədbirə görə təbrik edib. O, ölkəmizdə birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırıb.
Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar.
X X X
“Azərbaycan şəhərciyi”ndə ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunur. “Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik özünəməxsus dizaynda qala divarlarının əhatəsində təşkil olunub. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərinin geniş şəbəkəsi yer alıb. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə buradakı “Emalatxana” bölməsində yaxından izləyə bilirlər. Ölkəmizi təmsil edən sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edirlər.
Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.
“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi tərənnüm edən köşklər qurulub. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri təqdim olunur. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanır. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri təqdim edilir.
“Azərbaycan şəhərciyi”ndə quraşdırılmış səhnədə konsert proqramları da təşkil edilir.
Qeyd edək ki, “Azərbaycan şəhərciyi” sentyabrın 9-dək fəaliyyət göstərəcək.
X X X
Sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisindən ibarət konsert proqramı təqdim olunub.