Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

Dekabrın 28-də Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il keçirilən bayram şənliyində uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də şəhid ailələrindən olan uşaqlar iştirak edirlər.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəldilər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkan uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində, nağıllar aləmini xatırladan dizaynla tərtib olunub.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Artıq ənənəvi xarakter alan şənlikdə hər il olduğu kimi, bu il də uşaqlara səhnələşdirilmiş nağıl və musiqili-əyləncəli proqram təqdim edilib.

Bu proqram əsasında “Buta” sarayında balacalar üçün qurulan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların sevinci, üzlərindəki təbəssüm bu xoş əhval-ruhiyyəni onlara yaşadan Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Hər il olduğu kimi bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Mehriban Əliyeva uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Nağıl və musiqili-əyləncəli proqrama uşaq evlərinin sakinləri, yaradıcı uşaqlar və yeniyetmələr - ümumilikdə 500-dək heyət, o cümlədən Azərbaycanın tanınmış estrada ulduzları cəlb olunmuşdu.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

- Əziz uşaqlar, hörmətli müəllimlər, hörmətli valideynlər.

Artıq 15 ilə yaxındır ki, biz birlikdə ötən ili yola salırıq, keçmiş illə vidalaşırıq və yeni ili qarşılayırıq.

2018-ci il ölkəmiz üçün çox əlamətdar il idi. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Bu il – 2018-ci ildə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini həm ölkəmizdə, həm bir sıra xarici dövlətlərdə ən yüksək səviyyədə qeyd etmişik.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu. Lakin bu qısa zamanda ölkəmiz, xalqımız üçün çox vacib olan addımlar atıldı, qərarlar qəbul edildi. İlk çoxpartiyalı parlament fəaliyyətə başladı, ölkəmizin bayrağı təsis edildi, qızlar üçün ilk dünyəvi məktəb fəaliyyətə başladı, Azərbaycan Ordusu yaradıldı. Biz bu il, həmçinin Azərbaycan Ordusunun 100 illiyini qeyd etdik. Bu münasibətlə ölkəmizin baş meydanında keçirilən möhtəşəm parad bir daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır, istənilən vəzifəni icra etməyə qadirdir və hazırdır. Biz bu il, həmçinin Bakının azad olunmasının 100 illiyini birlikdə qeyd etdik.

Ölkəmizin tarixində şərəfli yer tutan bütün bu hadisələrin yüksək səviyyədə keçirilməsi onu göstərir ki, müstəqil Azərbaycan bu gün böyük uğurla inkişaf edir. Azərbaycan bu gün güclü, qüdrətli ölkədir. Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Azərbaycan öz sözünü söyləyən, öz maraqlarını qoruyan dövlətdir. Biz inanırıq ki, siz – bu günün uşaqları, bu günün gəncləri gələcəkdə Azərbaycanın inkişafına, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə öz töhfənizi verəcəksiniz.

Yola saldığımız 2018-ci ilə nəzər salsaq görərik ki, ölkəmizin inkişafı yüksək sürətlə davam edir. Bu il bir sıra çox vacib layihələr həyata keçirilib, yeni islahatlara start verilib. Dünya Bankının hesabatında Azərbaycan 10 islahatçı dövlət sırasına daxil edilib. Bu il biz həm ölkəmizin, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsini qeyd etdik. Bu il, həmçinin növbəti telekommunikasiya peyki “Azerspace-2” orbitə buraxıldı.

Sosial sahəyə gəldikdə deməliyəm ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır. Sosial sahədə olan problemlərin həlli daim Azərbaycan dövlətinin və Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Son iki il ərzində 5000-dən çox məcburi köçkün və qaçqın ailəsi müvəqqəti olaraq yeni evlərlə, yeni mənzillərlə təmin edildi. Məktəblərin, bağçaların tikilməsi, təmiri və ya yenidən qurulması, yeni Olimpiya İdman komplekslərinin inşası davam edir. Bütün bu uğurları, görülən işləri, əldə etdiyimiz nailiyyətləri görərək biz daha da səmərəli işləməyə ruhlanırıq, xalqımıza daha da səmərəli xidmət etməyə hazırıq.

Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.

Əziz uşaqlar, əziz valideynlər, əziz dostlar. Mən ümidvaram ki, 2018-ci il sizin üçün uğurlu oldu və sizin xatirənizdə xoş anlarla yaşayacaq. Mən ölkəmizin hər bir uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi çatdırıram. Əziz müəllimlər, sizin hər birinizə öz dərin minnətdarlığımı çatdırıram. Hər il Heydər Əliyev Fonduna dəstək göstərən və “Buta Palace”da bu şənlikdə iştirak edən və bu bayram ab-havasını yaradan bizim istedadlı sənət adamlarına öz dərin minnətdarlığımı bildirirəm.

Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Qoy, Azərbaycanın səması daim açıq, dinc və aydın olsun! Sizi təbrik edirəm. Çox sağ olun.

XXX

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi. Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri, o cümlədən Bakı Kitab Mərkəzinin Yeni il ərəfəsində uşaqlar üçün nəşr etdiyi kitablar verildi.