Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak ediblər
09.05.2017İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısını qarşılayıb.
Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər.
Dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüblər, onları Qələbə bayramı münasibətilə təbrik ediblər.
Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyublar.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.
Dövlətimizin başçısı və xanımı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.
Mərasimdə Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.